Vahid Əhmədov: “Məhkəmə sistemi tamamilə dəyişilməlidir”

Bu gün Milli Məclisin növbəti iclası keçirilib.

 

APA TV-nin xəbərinə görə, 85 millət vəkilinin iştirak etdiyi iclasın gündəliyinə 11 məsələ daxil edilib.

 

İclasda ilk olaraq Ali Məhkəmə və Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələlər, eyni zamanda bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələlər müzakirəyə çıxarılıb.

 

Deputat Vahid Əhmədov bildirib ki, hazırda məhkəmələrdən gələn şikayətlərin sayı olduqca çoxdur və məhkəmə sistemi tamamilə dəyişilməlidir: “Bank sistemi, mülkiyyət sistemi ilə əlaqədar, məhkəmələrin çıxardığı qərarlarla əlaqədar çox şikayətlər olur. Bu şikayətlər çox halda öz həllini tapa bilmir. Beləliklə, ədalət öz həllini tapa bilmir. Məhkəmə sistemi tamamilə dəyişilməlidir. Yeni gələn insanlar hansısa məmur, icra başçısına görə qərarlar çıxarmamalıdır. Təyin edilən hakimlərdən xahişim ondan ibarətdir ki, qərar qəbul edəndə vicdanlarına uyğun qərarlar qəbul etsinlər. Ölkə başçısının qarşıya qoyduğu məqsəd bir günlük, iki günlük məqsəd deyil. Korrupsiyaya qarşı addımlar istər aşağı səviyyədə, istərsə də yuxarı səviyyədə davam etdiriləcək”.

 

İnkişaf etmiş Avropa ölkələrində hər 100 nəfər əhaliyə 15 nəfər hakim düşdüyünü deyən deputat Siyavuş Novruzov bildirib ki, Məhkəmə-Hüquq Şurası məhkəmələrə günün tələblərinə cavab verən hakimlərin təyin edilməsi istiqamətində yol xəritəsi hazırlamalıdır: “Çox təəssüf ki, bəzən sosial şəbəkələrdə kimsə hansısa məhkəmənin qərarından narazı qalır və hakimin şəklini yerləşdirirlər. Hakimlər o insanlara cavab verə bilmir. Hakimlər qərarı Azərbaycan Respublikası adından verir. Ancaq dövlətin adından danışan hakimlərə qarşı çox asan şəkildə sosial şəbəkədə qaralama kampaniyası aparırlar. Təklif edirəm ki, hakimlərin şərəf və ləyaqətinin qorunması barədə qanun layihəsi qəbul edilsin. Digər tərəfdən hakimlərin tərcümeyi-halında hansısa dövlət mükafatı görmədim. Ona görə çox istərdim ki, müvafiq təşkilatlar bu məsələni nəzərə alsınlar”.

 

Ədalət olmayanda qanuna hörmət, dövlətə, cəmiyyətə inam da olmur deyən deputat Musa Quliyev hesab edir ki, bəraət hökmü bizim məhkəmələrdə arzu edilən səviyyələrdə deyil. Deputat qanunun tətbiqi zamanı həbs qəti-imkan tədbiri olmayan cəzalara üstünlük verilməsi ilə bağlı da təklif irəli sürüb.

 

Müzakirələrdən sonra qanun layihələri səsə çıxarılaraq qəbul edilib.

 

İlahə Vəliyeva

Musa Qulammirzəyev

Müəllif | Apa.Tv
Apa.tv