Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
“Ölkədə həyata keçirilən islahatlar öz nəticəsini verib”.
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
O bildirib ki, bu gün dünyada baş verən hadisələr iqtisadiyyatda yeni reallıqları üzə çıxarıb: “Ancaq Azərbaycanda həyata keçirilən islahatlar bu günə və sabaha hesablanaraq həyata keçirilir. Sabah neftin qiyməti indikindən də aşağı düşsə belə, həyata keçirilən islahatlar buna cavab verə biləcək”.
Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklərin Rəqabət Məcəlləsinin qəbulunu zəruri etdiyini deyən komitə sədri onu da bildirib ki, bu qanun layihəsinin hazırlanması üçün ciddi çalışmalar aparmalıdır.
Deputat Vahid Əhmədov isə 2020-ci ilin iş planına Rəqabət Məcəlləsi və “Təhsil kreditləri haqqında” qanunun daxil edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, “Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbul edilməsi ciddi və olduqca vacib məsələdir: “Bu vacib məsələdir. Bununla bağlı həmkarım Əli Məsimli ilə qanun layihəsini təkmilləşdirmişik. Mərkəzi icra hakimiyyəti orqanlarından da müsbət rəy almışıq”.
Deputat Məşhur Məmmədov isə qeyd edib ki, gələcək müzakirələrdə regionlarda vergilərin azaldılması məsələsinə baxılmalıdır: “Bu, regionlarda iş yerlərinin artmasına gətirib çıxaracaq. Belə olarsa, sosial problemlərin həlli mümkün olar və eyni zamanda bu, rayonların büdcələrinin formalaşmasına kömək edəcək”.
Deputat Vüqar Bayramov isə kiçik və orta sahibkarlığın inkişafında mühüm rol oynayan startaplar üçün şərait yaradılması məsələsinin vacibliyindən danışıb. Deputat hesab edir ki, startapların dəstəklənməsi sahibkarlığın inkişafı üçün mühüm şərtlərdəndir. Startaplarda vəsait deyil, ideya olur. Onlar ideya verir, vəsaiti isə dövlət ödəyir. Bu səbəbdən də startaplarla bağlı qanunun qəbulu vacibdir.
İlahə Vəliyeva
Əli Ələkbər
APA TV