Valideynlərin bağça narahatlığı – 15 FEVRALA HAZIRLIQ GÖRÜLÜR

Uzun müddət idi ki, qapalı olan uşaq bağçaları fevral ayının 15-dən etibarən fəaliyyətini davam etdirəcək. Elə buna görə də bağçada hazırlıq işləri davam edir. Valideynləri isə narahat edən bəzi məqamlar var:

 

- Bağça 15-i açılacaq deyirlər, amma xəstəliyə, virusa görə qorxuruq. Bilmirik necə edək  göndərək ya yox. İstəyirəm göndərim, amma qorxuram.

 

- Mən balamı qoymayacağam bağçaya. Xəstəliyə görə qorxuram, zəifdir, özünü qoruya bilmir. Ona görə təlaşlıyam.

 

APA TV xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti isə valideynləri təlaşlanmamağa çağırır. Çünki artıq bağçaların həyət və attraksionlarında, eləcə də söhbətgahlarında və daxilində təmizlik işləri görülür. Oyun otaqlarındakı masalar, sosial məsafə qorunmaqla düzülüb, otaqlarda COVID-19 əleyhinə maarifləndirici broşürlər asılıb. Mətbəx, musiqi və digər otaqlarda isə sanitar epidemioloji qaydalar nəzərə alınmaqla hazırlıq işləri tamamlanmaq üzrədir.

 

Bağçanın girişində uşaqların hərarəti ölçülüb, əlləri dezinfeksiya edildikdən sonra onlar otaqlara daxil olacaqlar:

 

190 saylı bağçanın müdiri Nazilə Dəmirova deyir ki, bağça bütün təmizlik və gigiyenik vasitələrlə təmin edilib: “15 fevral 2020-ci il tarixindən bütün məktəbəqədər təhsil müəssisələri öz fəaliyyətini bərpa edir. Eləcə də bizim 190 saylı bağçada hazırlıq işləri yekunlaşır. Təmizlik vasitələri, tibbi maska, əlcək, spirt, məsafədən ölçən termometr - hamısı bağçamızda var. Bizə verilən təlimatlara əsasən, uşaqları qəbul edəcəyik və girişdə hərarətləri ölçüləcək. Heç bir valideynə içəri daxil olmağa icazə verilməyəcək”.

 

Əgər uşaqda hərarət normadan artıq olarsa, həmin uşaq tibb otağında valideyni gələnə qədər izolyasiya ediləcək.

 

Uşaq bağçalarının xüsusi karantin qaydaları çərçivəsində işləməsinə Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları nəzarət edəcək. Qruplarda uşaqların sıx olmaması, onların sayının təyin edilməsi isə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən ediləcək.

 

Fatma Zahidqızı,

Faiq Həsənov,

APA

Müəllif | Apa.Tv
Apa.tv