Vaqif Əsədov: “Sürücü piyadanın hərəkətini görürsə, dərhal dayanmalıdır”
Kadrda gördüyünüz bu şəxs hansısa xarici filmin çəkilişində iştirak edən kaskadyor deyil, yolu keçmək istəyən piyadadır. Son illərin statistikasına nəzər yetirsək, görərik ki, yollarda piyada ölümlərinin sayı ilbəil artmaqdadır.
Təsadüfi deyil ki, 2019-cu il ərzində baş verən yol-nəqliyyat hadisələrinin 58,7 faizi piyadaların vurulması hallarıdır. 2019-cu ildə 334 piyadavurma faktı qeydə alınıb ki, bunun da 122-si ölümlə nəticələnib.
Ən maraqlısı piyadavurma hallarının böyük qisminin elə piyada keçidləri baş verən ərazilərdə baş verməsidir. Hərəkət üstünlüyünə malik piyada yolu keçmək istəyərkən bəzi sürücülər qaydanı pozaraq nizamlanmayan piyada zolağını – el dilində “zebra” adlandırılan xətlənmiş ərazini piyadalar üçün keçilməz səddə çevir.
Bakı Şəhər Dövlət Yol Polisi (BŞDYP) idarəsinin şöbə rəisi Vaqif Əsədov da deyir ki, nizamlanmayan piyada keçidlərində hərəkət üstünlüyü piyadalardadır: “Sürücü hərəkət etdiyi zolaqda piyadanın addımını görürsə, dərhal dayanmalıdır. Və yaxud hərəkət etdiyi zolağa yaxın piyadanın dayanmadan hərəkətini görürsə, diqqətli olmalı, sürəti azaltmalı və onun hərəkət etdiyi yol zolağına daxilolma ehtimalını qəbul etməlidir. Yəni dayanıb yol verməlidir. Digər hallarda isə piyadalar da sürücülər kimi işıqforun tələblərinə uyğun hərəkət etməlidir”.
Vaqif Əsədovun sözlərinə görə, nizamlanmayan piyada keçidlərində piyadalara yol verməyən sürücülər cərimələnir: “Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsi piyadaların hüquq və vəzifələrini tənzimləyir. Bu maddənin tələbləri pozulursa, piyadalar 20 manat cərimə edilir. Sürücülər üçün isə piyadalara yol verməməyə görə 50 manat cərimə nəzərdə tutulub. Eyni zamanda bunu müşahidə kameraları ilə də həll edib, elektron qərar qəbul etmək mümkündür. Amma hər ehtimala qarşı sürücülər də, piyadalar da diqqətli olsunlar”.
Qeyd edək ki, 2019-cu ildə piyadavurma hallarından başqa, sürət həddinin aşılması ilə bağlı 149, qarşıdan gələn nəqliyyat vasitəsinin zolağına çıxma və ötmə qaydalarının pozulması nəticəsində 230 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bundan əlavə, 162 toqquşma, 38 maneə vurma, 8 aşma və 12 dayanmış nəqliyyat vasitəsini vurma hadisəsi baş verib.
Həmidağa Məcidov,
Əli Ələkbər,
APA TV