Vardanyanın ifşa videosu: Qarabağa kimin tapşırığı ilə gəldiyini gizlədə bilmir
Kreml elitasının “pulyuyan maşın”ı kimi tanınan, korrupsiya əməllərində adı hallanan, özünü qondarma Dağlıq Qarabağ Respublikasının dövlət naziri adlandıran Ruben Vardanyan BBC-nin məşhur layihəsi olan “HARD TALK”a müsahibə verib.
Müsahibənin əvvəlində də hiss olunur ki, dünya mediasında Qarabağdakı ermənilərin məzlum, azərbaycanlılar tərəfindən əzilən xalq obrazını yaratmağa çalışan Vardanyan BBC efirini şans kimi görür. O fürsətdən istifadə edib uydurduğu humanitar böhrandan danışmağa, saxta faktlara əsaslandırıb, ərazidəki 30 mini uşaq olmaqla 120 min erməninin çətin vəziyyətindən danışmağa çalışır.
Lakin Rusiya vətəndaşlığından çıxaraq Qarabağa gəldiyini və vəziyyətlə bağlı sonacan mübarizə aparacağını deyən Ruben jurnalist Stiven Sakuranın sualları qarşısında rəzil duruma düşür. Jurnalistin sərt suallarına çətinliklə cavab tapan erməni milyonçu Ermənistanın baş naziri Nikol Paşinyanla, eləcə də Ermənistan hökuməti ilə fikir ayrılığı yaşadığını açıq şəkildə etiraf edir.
Buradan bir haşiyə çıxmaq yerinə düşər. Ötən ilin ortalarından Paşinyan Qarabağın Ermənistanın problemi olmadığını, ilin sonunda isə Azərbaycanla sülh müqaviləsinin bağlanacağını elan etmişdi. Lakin ilin ortalarından Rusiyadan Qarabağa göndərildiyi sir olmayan Vardanyan işləri qəlizləşdirdi. O, açıqlamalarında Rusiya Prezidenti Vladimir Putinlə işbirliyində olmasını qəti şəkildə təkzib etməyə çalışdı.
Bu verilişdə də Vardanyan Putinlə bağlı verilən bütün suallardan yayınır, diqqəti Qərb ölkələrinin üstünə çəkməyə çalışır, əsl kimliyini gizlətmək üçün Fransanın da onlara dəstək verdiyini bildirir, Prezident Makrondan sitat gətirir.
Növbəti dəfə isə Rusiyanın Ukraynaya hücumu ilə bağlı sualdan yayınır, konkretləşdirsək, müharibənin Ermənistana təsirləri barədə suala cavab vermir. Beləcə əsl kimliyini ikinci dəfə faş edir.
Sakur bir neçə dəfə Vardanyana Kremlin layihəsi olduğunu desə də, Ruben əksini sübuta yetirməyə nəinki çalışmır, heç cəhd də etmir, bizim öyrəşdiyimiz erməni nağıllarından danışmağa davam edir.
Politoloq Elxan Şahinoğlu da deyir ki, bu verilişdə Vardanyan Kremllə əlaqələrini dolayısı ilə ifşa etdi və o, nə qədər ki, Qarabağdadır, ölkəmizə qarşı belə təxribatlar davam edəcək.
Hərbi ekspert Ədalət Verdiyev də bildirib ki, separatçıların nazirinin BBC-yə müsahibədən sonra Vardanyanın Kremlin adamı olması hamıya bəlli oldu. O əlavə edib ki, Vardanyan Sarkisyan-Köçəryan layihəsinin davamı kimi Ermənistanda hakimiyyətə gətirilmək üçün Qarabağa göndərilib.
Hərbi ekspert onu da əlavə edib ki, Vardanyan müsahibənin sonunda əzgin görünürdü. Hətta verilən suallara çaşqınlıqla cavablar verirdi.
Onun fikrincə, ümumi vəziyyətdən belə qənaətə gəlmək olar ki, Kreml qondarma rejimi dəstəkləyir və defakto əməkdaşlıq edir.