Vaşinqton kartları dəyişir: Minsk Qrupu dəfn edildi

ABŞ Dövlət Departamenti Qafqaz danışıqları üzrə yeni baş məsləhətçi təyin edib.

Bu barədə dövlət katibi Entoni Blinken Tviterdə bildirib. “Onun təyinatı bizim Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həlli istiqamətində fəaliyyətimizi daha da inkişaf etdirəcək", deyə ABŞ dövlət katibi vurğulayıb. Qeyd edək ki, Luis Bono ABŞ-ın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında missiya rəhbərinin müavinidir. O, ABŞ-ın Aİ və BMT-dəki nümayəndəliklərində, həmçinin Berlin və İslamabaddakı ABŞ səfirliklərində də çalışıb. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel keçiridiyi brifinqdə Luis Bononu çətin və mürəkkəb məsələlər üzərində işləməkdə əhəmiyyətli təcrübəyə malik olan Departamentin yüksək səviyyəli rəsmisi adlandırıb.

Təyinatla bağlı kanalımıza açıqlama verən Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, bölgədə stabilliyin bərpası istiqamətdə Rusiya və ABŞ arasında mübarizə getməkdədir. Hazırda rəsmi Vaşinqton daha ciddi tərəf kimi görünür. Deputat əlavə edib ki, ABŞ-ın regionda danışıqlarda iştirak etməsi işin müsbət istiqaməti ilə nəticələnməsinə gətirib çıxara bilər.

Deputat qeyd edib ki, Luis Bono fəaliyyətini sona çatdırmış ATƏT-in Minsk Qrupunu əvəz edəcək. O açıqlamasında yeni nümayəndənin fəaliyyət istiqaməti təkcə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması məsələsi deyil, həm də Gürcüstan ərazilərinin Rusiya tərəfindən ilhaqı ilə bağlı olacağını da deyib.

Politoloq Fərid Şəfiyev də bildirib ki, artıq Vaşinqton da Minsk Qrupunun olmadığını qəbul edib. O bildirib ki, ABŞ Minsk Qrupunun fəaliyyətinin bərpasının məqsədəuyğun olmadığını dərk edir.

Politoloq onu da əlavə edib ki, ABŞ Azərbaycan və Ermənistan arasındakı sülh proseslərini dəstəkləyəcək və bu istiqamətdə müəyyən töhfələr verməyə səylər göstərəcək. Qeyd edək ki, rəsmi Bakı dəfələrlə beynəlxalq vasitələrlə İrəvana sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti görüşləri ilə bağlı təkliflər versə də, Ermənistan konkret cavab verməyib.

Müəllif | Apa.Tv
Apa.tv