Vaxtı ötmüş vaksinlər sıradan çıxarılır?

 

“COVID-19 pandemiyası bütün dünya üçün bəlaya çevrilib. Artıq iki ilə yaxındır bu şəraitdə yaşayırıq. Heç bir ölkənin səhiyyə sistemi buna tab gətirə bilməzdi. Buna görə əməkdaşlıq böyük önəm daşıyır”.

 

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

 

O göstərilən yardıma görə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatına təşəkkür edib: “Azərbaycan özü də kifayət qədər iş görüb. Səhiyyənin maddi-texniki bazası gücləndirilib. Fərdi vasitələri istehsal edən müəssisələr yaradılıb. Azərbaycan regionda vaksinasiyaya ilk başlayan ölkələrdən biridir. Vaksinasiya çox geniş sürətlə davam etdirilir. Artıq əhalinin 5 milyona qədəri vaksinasiyadan keçib”.

 

Nazir müavini ölkədə 3 milyona yaxın vaksin ehtiyatının olduğunu və kifayət qədər peyvənd məntəqəsi yaradıldığını da nəzərə çatdırıb.

 

Bundan başqa, Viktor Qasımov ölkədə 4 növ vaksinin olduğunu və yeni növ vaksinin gətirilmədiyini qeyd edib.

 

Nazir müavini saxta COVID-19 pasportu ilə bağlı məsələyə münasibət bildirib:“Təəssüflər olsun ki, tibb işçiləri arasında da belə şəxslər var ki, buna yol verir. Eyni zamanda tibb işçilərini də buna vadar edənlər var. Bu da bizim əhalimizdir. İşimizi ikitərəfli aparmalıyıq. Həm tibb işçilərinin məsuliyyətini artırmalıyıq, həm də əhalidən də xahiş edirik ki, bu yola getməsin. Peyvənd əhalinin sağlamlığı naminə lazımdır”.

 

Viktor Qasımov “3-cü doza” (buster) vaksinin gücləndirici peyvənd olduğunu və kifayət qədər lazımlı olduğunu qeyd edib: “Onu vurdurandan sonra immunitet xeyli artır. Ona görə tövsiyə etmişik ki, ilk növbədə 50 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar bu dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”.

 

Səhiyyə nazirinin müavini vaxtı bitmiş peyvənd məsələsinə münasibət bildirib.

Qeyd edib ki, hansı peyvəndlərin istifadə tarixi bitirsə, onlar istifadədən götürülür.

 

Müəllif | Apa.Tv
Apa.tv