Vergilər Nazirliyi: ƏDV ödəyiciləri 5 gün ərzində məlumat formasını təqdim etməlidir
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanuna əsasən ƏDV ödəyiciləri 2020-ci il 1 yanvar tarixinə yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Formasını tərtib etməli və 2020-ci ilin yanvarın 31-dək vergi orqanına təqdim etməlidirlər”.
APA TV xəbər verir ki, Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin şöbə rəisi Emil Rəhimovun sözlərinə görə, məqsəd ƏDV-yə cəlb olunan əməliyyatın vaxtı ilə bağlı Vergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişikliyin nəzərə alınması, aparılan əməliyyatlar üzrə vergilərin düzgün hesablanmasını təmin etməklə 1 yanvar 2020-ci il tarixdən əvvəlki dövrlərdə hesablanmış vergilərin təkrar hesablanmasının qarşısını almaqdır: “Bəzi ödəyicilər tərəfindən məlumat formasının təqdim edilməsi ilə bağlı xəbərsiz olmaları ilə əlaqədar olaraq "Onlayn kargüzarlıq”dan adi ərizə şəklində vergi orqanlarına təqdim edilib”.
Formanı həm də yanvarın 1-ə qədər ƏDV ödəyicisi olmuş, bu ilin yanvarından isə qeydiyyatdan çıxmış ödəyicilər də təqdim etməlidir. Yanvarın 1-dən sonra qeydiyyata alınmış ƏDV ödəyiciləri üçün Məlumat Formasının təqdim edilməsi nəzərdə tutulmayıb.
Vergi ödəyiciləri vaxtlarına qənaət edərək “ASAN imza”dan istifadə etməklə Məlumat Formasını elektron qaydada vergi orqanına təqdim edə bilər.
Elvin Paşazadə,
Musa Qulammirzəyev,
APA TV