Vətən Müharibəsi iştirakçısı: “29 il öncə itirdiyimiz torpaqları alın açıqlığı ilə geri qaytarmışıq”

Xocalı faciəsi istər miqyasına, istərsə də insanlara qarşı tətbiq olunan işgəncə metodlarına görə dünyada misli görünməyən insanlıq faciəsidir. Elə bu səbəbdən faciədən 29 il keçməsinə  baxmayaraq, dünyanın hər tərəfində yaşayan azərbaycanlılar bu günü “Xocalı faciəsi”, “Xocalı soyqırımı” və “Xocalı qətliamı” adı altında qeyd edirlər.

 

Səhər saatlarından başlayaraq insanlar Xocalı soyqırımının 29 illik müsibətlərini özündə əks etdirən “Ana Fəryadı” abidəsini ziyarət etmək üçün, abidənin yerləşdiyi məkana üz tutublar. Abidəni ziyarət edənlər arasında şəhər sakinləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, faciə qurbanlarının yaxınları, müharibə iştirakçıları və qazilər də olub.

 

Oğlu itkin düşən Qənirə xanım baş verən hadisələrdən danışıb: “Yoldaşları ilə birlikdə deyiblər ki, əgər üstümüzə döyüş texnikası gəlsə özümüzü vuraq, erməni əlinə əsir düşməyək. Bunlar mühasirədə olub, sonra hərəsi fərqli istiqamətlərə qaçıb. Məzahir də onlarla birlikdə olub. Yoldaşları gəlib dedi ki, bir yerdə idik. Amma sizin oğlunuzun başına nə gəldi bilmədik. İndi 29 ildir gözləyirəm ki, bəlkə oğlum nə zamansa gələcək”.

 

1992-ci il fevral aynın 25-dən 26-a keçən gecə qəfildən Xocalı şəhərinə hücum edərək 3 istiqamətdən şəhəri mühasirəyə alan erməni silahlı qüvvələri əhalini Qarqarçayı istiqamətində qaçmağa məcbur ediblər. Qarlı aşırımlarda və meşələrdə taqətdən düşən Xocalı əhalisi burada erməni silahlı birləşmələri və 366-cı motatıcı alayın əsgərləri tərəfindən şiddətli atəşə məruz qalıblar.

 

Məhz 29 il sonra Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında ordu birləşmələrimiz əks hücum əməliyyatlarına başlayaraq erməni ordusunu darmadağın etdi. Bu gün Azərbaycan xalqı Xocalı abidəsini qalib dövlətin vətəndaşları kimi qürur hissi ilə ziyarət edir.

 

Qələbədə qazilərin rolu isə danılmazdır. Vətən Müharibəsi iştirakçısı Asif Əliyev deyir ki, indi bura gələndə üzümüzdə azda olsa bir təbəssüm yaranır: “Ümid edirəm ki, şəhidlərimizin də ruhu şaddır. Bu gündən sonra nəyin ki 29, hətta 129-cu il olsa belə biz “Xocalı faciəsini” unutmamalıyıq”.

 

Qazi Elvin Qəhrəmanlı deyir ki, biz 29 il öncə itirdiyimiz doğma torpaqlarımızı bu gün alın açıqlığı ilə geri qaytarmışıq: “Ali Baş Komandanımıza təşəkkür edirəm ki, bizim üçün bu şəraiti yaradıb. Biz döyüş meydanında öz hünərimizi göstərə bildik”.

 

Vətən Müharibəsi iştirakçısı Mobil Əhmədzadə də bu il “Ana Harayı” abidəsini qürurla yad etdiklərini deyir: “Biz hər zaman Xocalı abidəsinə və Şəhidlər Xiyabanına gəlmişik. Ancaq indiki gəlişimiz fərqlidir. Biz artıq qürur hissi ilə bu gün bura gələ bilirik. Sevinirəm ki, şəhidlərimizin qisası alınıb”.

 

Xocalı soyqırımı zamanı həlak olan 613 dinc sakinin 63 nəfəri uşaq, 106 nəfəri isə qadın idi. İndi  Xocalı abidəsi üzərində həm də 613 nəfər Xocalı şəhidinin adı yazılıb.

 

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru ZAMIN Zeynalovun sözlərinə görə, Xocalı genosidi haqqında geniş məlumatlar bütün dünyaya Azərbaycan dövləti, eyni zamanda Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası əsasında çatdırılır: “Bu gün təbii ki vətəndaş cəmiyyəti institutları, qeyri hökumət təşkilatları, gənclər təşkilatları və kütləvi informasiya vasitələri də öz dəstək təşəbbüslərini göstərməlidirlər”.

 

Deputat Məlahət İbrahimqızı deyir ki, 44 günlük Vətən müharibəsi zamanı qazandığımız qələbə məhz bu şəhidlərin ruhuna, onların xatirəsinə bir ərməğan olub: “Bu gün onların ruhu şaddır. Onsuz da bir gün hər kəs öləcək, lakin Vətən uğurunda ölmək şərəfdir. Bu gün bura milyonlarla insan gəlir. Səssizcə öz ehtiramlarını bildirib gedirlər”.

 

Qeyd edək ki, faciə qurbanlarının anım mərasimi axşam saatlarına qədər davam edib.

 

Xələf Xələfov

Əli Əkbər

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv