Vətən müharibəsi iştirakçısını "Tik-Tok" üstündə öldürdülər - TƏFƏRRÜATLAR

"Tik-Tok"dakı nalayiq ifadələrə görə bıçaqlanan şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

 

APA TV xəbər verir ki, hadisə Qara Qarayev 37 ünvanında baş verib. Belə ki, Natiq Ramazanov Əli Musayevlə məhz bu ərazidə görüşüb. Hadisə şahidlərinin sözlərinə görə, onlar əvvəlcə əlbəyaxa davaya çıxıb, daha sonra yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayevlə Nizami rayonu, Qara Qarayev prospektində görüşüb. Bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.

Həmin ərazidə yaşayan sakinlərlə söhbət zamanı məlum oldu ki, hadisə 145 və 238  nömrəli məktəbin şagirdləri dərsdən çıxan zaman baş verdiyindən bıçaqlanmanın şahidi olublar.

 

Qeyd edək ki, bıçaqlanaraq ölən Natiq Ramazanov əslən Zaqatalanın Zəyəm kəndindəndir. Əməkdaşlarımız təfərrüatları öyrənmək üçün mərhumun ailəsinin evində olub. Natiqin atası Akif Ramazanov deyir ki, oğlu Vətən Müharibəsinin iştirakçısı olub. Bölük komandiri olan Natiq Ramazanov Hadrutun, Füzulinin,  Cəbrayılın işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edib: ”40 ildir Bakıda yaşayırdı, Natiqin heç kimlə indiyə kimi bir mübahisəsi olmayıb. Tikinti şirkətində mühəndis işləyirdi. Ailəcanlı bir insan olub. Dünən mənə birdən zəng gəldi ki, Natiq qətlə yetirilib”.


Mərhumun qohumu İslam Şabanlı  isə deyir ki, çox cəsur adam idi:

”44 günlük müharibədən dönən zaman məni qucaqladı, dedi ki, kişi kimi mənfur düşmənimizi məhv etdik. Sonu da təəssüflər olsun ki, belə oldu. Allahın qismətidir. Bütün döyüşdüyü torpaqlarda yaşayış məntəqələri azad etmişdi. O, həm xalqının, həm də bizlərin başın uca etdi. Allah rəhmət eləsin”.

 

Qeyd edək ki, mərhum evli olub. Bir oğlu olan Natiq dekabr ayında ikinci dəfə ata olacaqdı.

 

Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanıb. Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Semral Cavad,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv