Vətən Müharibəsi şəhidinin xatirəsinə abidə-bulaq kompleksi açıldı

Ağdamın Paşabəyli kəndində Vətən Müharibəsi şəhidi Səxavət Məmmədovun xatirəsi əbədiləşdirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, onun xatirəsinə abidə-bulaq kompleksinin açılışı olub. Tədbirdə şəhidin şərəfli döyüş yolundan danışılıb.

 

Şəhidin döyüş yoldaşı Səbuhi Namazov deyir ki, Səxavət olduqca mərd biri olub: “Səxavət Əsgər kimi, dost ki, qardaş kimi cəsur idi, mərd idi. Sentyabrın 27-dən noyabrın 4-nə kimi Laçın istiqamətində döyüşürdük. Səxavət mənim yanımda olanda mən çox ürəkli olurdum. Şəhidlik zirvəsi ona qismət oldu mənə yox”.

 

Şəhidin anası Mətanət Məmmədova isə oğlu ilə fəxr edir: “Qürur duyuram, oğlumla fəxr edirəm. Fəxr edirəm ki, Vətən üçün belə oğul böyütmüşəm”.

 

Məmmədov Səxavət Vahab oğlu 1996-cı ilin sentyabrın 12-də Ağdam rayonun Paşabəyli kəndində doğulub. Üç uşaqlı ailənin sonbeşiyi olub. 2018-ci ildən müddətdən artıq hərbi xidmətə başlayıb. Vətən Müharibəsində döyüşçü dostları ilə böyük zəfər yolu keçib. İşğal altında olan onlarla yaşayış məntəqəsinin işğaldan azad olunmasında iştirak edib.

 

Şəhidin atası Vahab Məmmədovun sözlərinə görə, Səxavətin ilk döyüşləri Suqovuşan-Talış kəndi istiqamətində olub: “Yaxşı döyüşçü idi. Sonra Füzuli istiqamətinə göndərdilər. Füzulini, Qubadlını işğaldan azad etdikdən sonra Laçının Güləbird kəndini işğaldan azad etdilər”.

 

Səxavət Məmmədov noyabrın 9-da Laçının işğaldan azad olunmağı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Cəsur şəhidimiz ölümündən sonra "Vətən uğrunda",  “Cəsur döyüşçü”  “Suqovuşanın azad olunması uğrunda” “Qubadlının Azad olunması uğrunda” və "Laçın rayonunun azad olunması uğrunda"  medalları ilə təltif olunub.

 

 

Müəllif | Apa.Tv
Apa.tv