Vətən Müharibəsində 62 şəhid verən Xətai rayonunda onların adları əbədiləşdiriləcək

Vətən müharibəsi başa çatdıqdan sonra şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə qayğı Azərbaycanın əsas dövlət siyasətlərindən birinə çevrilib.

 

APA TV-nin məlumatına görə, bir neçə gün öncə Bakının Ramana qəsəbəsində ölkə başçısının iştirakı ilə 1512 mənzildən ibarət kompleksin açılması şəhid ailələrinə və müharibə əlillərinə qayğının bariz nümunəsidir.

 

Bundan başqa, 2021-2025-ci illərdə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 2000-dən çox şəhid ailəsi və müharibə əlili yeni mənzillərlə təmin olunacaq. İndiyə kimi isə 9200 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olunub.

 

Həmçinin 44 günlük Vətən Müharibəsindəki qələbəmizdə payı olan qazilərimiz də ölkə başçısının xüsusi diqqəti və qayğısı nəticəsində son model protezlərlə təmin olunub.

 

Bu uğurlu siyasətin davamı olaraq Prezident İlham Əliyevin qərarı ilə şəhər və rayon icra hakimiyyətlərində Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili üzrə yeni şöbə də yaradılıb. Həmin şöbəyə, işin təşkil olunmasına müharibə əlilləri, qazilər cəlb olunub. Belə şəxslərdən biri də Xətai Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili üzrə şöbəsinin müdiri Anar Məmmədovdur. I Qarabağ və Vətən Müharibəsinin iştirakçısı olan Anar Məmmədov bildirir ki, Xətai rayonu Vətən müharibəsi zamanı 62 şəhid verib. Şəhid ailələri, müharibə əlilləri hər zaman Rayon İcra Hakimiyyəti başçısının diqqətindədir: “Bütün amputasiya olunmuş xəstələrimizin ölçüləri götürülüb və artıq onlar üçün protezlərin hazırlanmasına start verilib. Digər bir məsələ də qazilərimizin müalicəsi ilə bağlıdır. Elə bir qazilərimiz var ki, uzaq məsafələrə getməkdə çətinlik çəkirlər. Biz rayon rəhbərliyi olaraq onlara yaxın məsafələrdə olan klinika və xəstəxanalara göstəriş vermişik ki, o ərazilərdəki qazilərimizə yardım etsinlər”.

 

Şöbə rəisi bildirir ki, digər bir prioritet məsələ şəhidlərin adının əbədiləşdirilməsidir: “Bir çox şəhidlərimizin yaşadığı küçələrdə artıq işlərə başlanılıb. Həmin ərazilərdə kiçik parklar salınıb, orada şəhidlərimizin abidəsi hazırlanıb. Küçələrə, məktəblərə veriləcək adlar istiqamətində də işlər davam edir. Mən deyərdim bu işlərdə mərhələli şəkildə həyata keçəcək”.

 

Anar Məmmədovun sözlərinə görə, rayon qeydiyyatında olan bir neçə qazi artıq işlə də təmin olunub. Belə şəxslərdən biri də Vətən Müharibəsinin “Qarabağ” ordeni ilə təltif olunan baş leytenantı Bəkir Əsgərzadədir. 26 yaşlı Bəkir sol ayağını itirsə də, həyat eşqi hələ bitməyib. Protezlə təmin olunan Bəkir icra hakimiyyətində işə düzəlib: “Telefonuma zəng gəldi ki, bəs biz Sosial Müdafiə Fondundanıq və sizi protezləşdirmək üçün zəng vurmuşuq. Ünvan verdilər və gəlib ölçülərinizi götürə bilərikmi dedilər. Səhəri gün protezlə təmin olunmaq üçün DSMF-nin reabilitasiya mərkəzinə getdim. Orda ölçüləri götürdülər və ilkin müayinələr getdi. Bir müddət ayağın formalaşması üçün müalicələr davam etdi. 10 gün ərzində bütün işlər tamamlandı və nəhayət 12 gündən sonra mən protezlə təmin olundum”.

 

Qəhrəmanımız ona göstərilən bu qayğıdan olduqca məmnundur: “Protez qoyulandan sonra artıq öz ayağımla fərqi yoxdur. Həm protezin yüngüllüyü, həm effektivliyi mənim üçün rahatlıq yaradır. Bununla həm gəzmək, həm də qaçmaq olar. Hətta mən özümə əminəm ki, müəyyən müddət ərzində, protezə tam alışdıqdan sonra futbol belə oynaya bilərəm. Protez çox rahatdır. Sağ olsun cənab Ali Baş Komandanımız ki, onun göstərişi ilə biz son model reabilitasiya vasitəsi ilə təmin edilmişik”.

 

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV.

 

 

Müəllif | Apa.Tv
Apa.tv