Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu məlum olub
Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılması istiqamətində müntəzəm iş aparılır.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir.