Vətən Müharibəsində qazanılan Zəfərlə bağlı sayt yaradıldı

Bu gün Heydər Əliyev Mərkəzində zefer.az saytının təqdimatı keçirilib.

 

APA TV-nin məlumatına görə, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə "Zəfər" saytına həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, “Zəfər” salnaməsinin yaddaşlara köçürüldüyü "Zəfər" saytı Azərbaycan Prezidentinin tapşırığı ilə yaradılıb: "Bundan əvvəl isə, şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün memorial.az saytı yaradılıb. "Zəfər” saytı Azərbaycan xalqının 30 il hazırlaşdığı və 44 gün ərzində keçdiyi Zəfər yolunun virtual salnaməsi-ensiklopediyasıdır. Saytın loqosu 3 elementi birləşdirərək xalqımızın 44 gündə keçdiyi Zəfər yolunu simvolizə edir”.

 

Əgər 2020-ci ilin Şanlı Zəfərimizin tarixə yazıldığı il, Azərbaycan xalqının Zəfər salnaməsinin başlanğıc ili idisə, 2021-ci ilin bu Zəfərin nəticələrinin bütün dünya tərəfindən qəbul edilməsi ili olduğunu qeyd edən Səadət Yusifova Zəfərimizin hərbi, siyasi-diplomatik nəticələri ilə yanaşı, mühüm iqtisadi nəticələri olduğunu da diqqətə çatdırıb: ““3+3” formatında kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması Azərbaycanın açıq dənizlərə çıxışını təmin edəcək, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpası Türk dünyasını birləşdirəcək və nəticədə ölkəmizin regional perspektivlərini və meqaregionda əhəmiyyətini yaxın 10 illiklər üçün daha da artıracaq”.

 

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc isə bildirib ki, 44 günlük müharibə 21-ci əsrin ən böyük hadisəsidir.

 

"azvision.az" saytının baş redaktorunun müavini Səbinə Həsənova www.zefer.az saytını təqdim edərək bildirib ki, ümumilikdə 12 bölüm, 62 alt-bölüm üzrə 4000 səhifə, 7765 şəkil və 757 videodan ibarət olan sayt Azərbaycanın 44 günlük Vətən Müharibəsinin virtual salnaməsidir və həmin günlər ərzində hərbi, siyasi-diplomatik, informasiya və ictimai müstəvilərdə baş verən bütün əsas hadisələri əhatə edir.

 

Müəllif | Apa.Tv
Apa.tv