Vətən Müharibəsində son dayanacağı Daşaltı oldu - REPORTAJ

Ölümü ilə ölümsüzlüyü, ən uca zirvəni qazanan igidlərimizdəndir şəhid Kamal Babayev. 

APA TV-nin yerli bürosu xəbər verir ki, Kamal Eynulla oğlu Babayev 1991-ci ildə İsmayıllı rayonunun Xanagah kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra 2009-cu ildə hərbi xidmətə yollanıb․ “N” saylı hərbi hissədə sürücü kimi xidmət edib․ 2011-ci ildə hərbi xidmətini başa vurub.

2020-ci ildə sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı, hər kəs kimi, Kamal da Vətənin müdafiəsinə yollanır. Füzuli, Qubadlı, Cəbrayıl və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edir. Noyabrın 5-dəki döyüşlər isə onun üçün sonuncu olur.

Atasi Eynulla Babayev deyir ki, Kamal Babayev Şuşa istiqamətində, Daşaltı kəndi ərazisində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olur: “Oğlum Cəbrayıl, Füzuli, Ağdam, Horadiz istiqamətində gedən döyüşlərdə iştirak edib. Oradan da Şuşa istiqamətində, Daşaltıda şəhid olub. Bir şəhid atası kimi bütün şəhid atalarına başlarını dik tutmağı tövsiyə edirəm. Onlar vətən üçün, bizim üçün, bizim şərəfimiz uğrunda şəhid olublar”.

Şəhidin anası Lalə Babayeva deyir ki, oğlu cəbhəyə getmək üçün can atırmış. Bala itkisi ağır olsa da, oğlunun şəhadəti ilə qürur duyur Lalə ana: “Müharibə başladı, mənim övladım can atırdı cəbhəyə getmək üçün. Oktyabrın 5-i cəbhəyə yola saldım onu, noyabrın 5-i dünyasını dəyişdi. Bala itkisi çox çətindir, dözmək olmur. Amma mən fəxr edirəm ki, balam belə gözəl adla özünü tanıtdı, şəhid oldu”.

Qeyd edək ki, şəhid əsgər Kamal Babayev doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şahnəzər Bəşirov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv