Vətən Müharibəsində yaralanan qazilərin müalicəsi üçün yeni cihazlar alındı
Vətən müharibəsində ağır yaralanan qazilərimizin fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən daha 5 “RGO” ortopedik cihazı ölkəmizə gətirilib və artıq istifadə olunur.
APA TV-nin xəbərinə görə, bu cihaz vasitəsilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır.
Həkim-reabilitoloq Gülnarə Nuruzadə deyir ki, bu cihazlar vasitəsilə reabilitasiya üçün 1 il lazım olan bərpanı 5 aya etmək mümkün olur: “Bu, özəl bir ortopedik cihazdır, aşağı ətraflarda hissiyyatı olmayan xəstələrimiz “RGO”-nu geyinir. Bir xəstəyə bu cihaz daha əvvəl verilmişdi, 2 həftədir ona təlim keçirik. Əvvəl 5 dəqiqə addım atırdısa, bu gün artıq 1,5 saat yeridə bilirik. Bu cihazın çox özəl bir xüsusiyyəti var. Xəstə cihaza bağlandığı günün səhərisi bizə dedi ki, barmaqlarımı heç hiss etmirdim, amma artıq ayaqlarıma istilik gəldi. Hər bir xəstənin əzələ fiziologiyasını, anatomiyasını özəl qavraması var. 3 ay ərzində 301 xəstəm olub, kimin nə problemi varsa, qeyd edirik, “YAŞAT” Fondu da bu işdə bizə kömək edir”.
Ortoped texnik Nicat Yunisov da yeni cihazların müalicəyə ciddi təsir etdiyini deyir: “”RGO” cihazı yerimə problemi olan insanlarda həmin şəxsin ayağa qalxıb təkanlı formada yeriməsinə köməklik göstərir. Ümumi müalicəyə ciddi köməklik edir”.
“Yaşat” Fondunun rəhbəri Elvin Hüseynov deyir ki, indiyə qədər sözügedən cihazın altısı ölkəyə gətirilib: “Ümid edirik ki, onların bundan sonra reabilitasiyası tez bir zamanda yekunlaşacaq, ən qısa zamanda sağlamlıqlarına qovuşacaqlar. Biz artıq bu cihazın altısını gətirmişik. Biri daha əvvəl gətirilmişdi, beşi isə bu gün gətirilib. Həkimlərlə mütəmadi olaraq məsləhətləşmələr aparılır, hansı yaralıya individual olaraq cihazlar lazımdırsa, Fond tərəfindən sifariş verilir. Əgər ölkə daxilindədirsə, buradan alınır, xaricdədirsə, xaricdən alınıb gətirilir ki, yaralılarımız, qazilərimiz tez bir zamanda sağlamlıqlarına qovuşsunlar”.
Hazırda paytaxtda yerləşən reabilitasiya mərkəzində müalicə alan qazilərimizdə onlara göstərilən xidmətdən razıdırlar. Artıq iki aydır müəssisədə müalicə alan Seymur Məmmədov deyir ki, ilk günlər bir daha ayağa qalxa biləcəyinə ümidi olmayıb. Lakin müalicənin ilk günlərindən ayaqlarının açıldığını hiss edib: “Cəbrayıl Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Qubadlının azad olunması zamanı döyüşdə yaralandım. Böyrümü qəlpə tamamilə dağıdıb. Belim zədə aldığından yeriyə bilmirdim. Burda müalicə alıram, artıq müəyyən qurğu vasitəsi ilə addım ata bilirəm. Ümid edirəm ki, əvvəlki yerişimi qaytara biləcəm”.
Hərbi qulluqçu Miryaqub Seyidovun döyüş yolu isə Füzuli istiqamətindən başlayıb. Tankçı olan Miryaqub deyir ki, Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı idarə etdikləri tank düşmən tərəfindən vurulduqdan iki saat sonra onlar xilas ola biliblər: “Orada mən belimdən zərbə aldım. Lakin Hadrut istiqamətində yenidən döyüşümü davam etdirdim. Burada isə iki postu əldə etdik. Bu zaman mühasirəyə düşdük və mən yaralandım. Xüsusi təyinatlılar bizi oradan çıxardı, məni hospitala gətirdilər. Bura gələndə yeriyə bilmirdim. İndi həkimlərin dəstəyi ilə normal yeriyə bilirəm”.
18 yaşlı Nicat İsmayılov da 44 günlük Vətən Müharibəsində sağlamlığını itirən əsgərlərdəndir: “Biz ilk gün Tərtərin Borsunlu kəndi istiqamətindən hücuma keçdik. Daha sonra Talış kəndinin işğaldan azad edilməsində iştirak etmişəm. Oktyabr ayının 3-də Suqovuşanda yaralandım. Müxtəlif hospitallarda müalicə aldım. 15 gündür bura gətirilmişəm. O zaman heç yeriyə bilmirdim, amma indi artıq durub gəzə bilirəm. Başda həkimimiz olmaqla əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
İlahə Vəliyeva,
Üzeyir Ağayev,
APA TV