Vətən Müharibəsinə Ali Hərbi Məktəbin 600-ə yaxın kursant və zabiti qatılıb - REPORTAJ

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə media-tur təşkil olunub.

 

APA TV-nin məlumatına görə, səfər çərçivəsində media nümayəndələri məktəbin fəaliyyəti və yaradılan şəraitlə yaxından tanış olublar.

 

Ali Hərbi Məktəbin rəisi, general-mayor Füzuli Salahov jurnalistlərə məktəbin tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, Müsəlman korpusunun komandiri, general-leytenant Əliağa Şıxlinskinin Zaqafqaziya Komissarlığından icazə istəməsi ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, 1920-ci ilin may ayının 25-də Hərbiyyə Məktəbi Azərbaycan Birləşmiş Hərbiyyə Məktəbi adlandırılıb. 1942-ci ildə əsas şəxsi heyət İkinci Dünya müharibəsinə yollanıb və onlardan bir neçəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb: “1958-ci ildən məktəb Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi adlandırılıb. Bu adla fəaliyyəti davam edir. Azərbaycan öz müstəqilliyin əldə etdikdən sonra 1992-ci ildən Ali Birləşmiş Komandirlər Məktəbi adlanıb. 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi və 2004-cü ildə cənab Prezidentin sərəncamı ilə məktəbə ulu öndərimizin adı verilib. Məktəbin əsas məqsədi Azərbaycan Ordusu üçün peşəkar, liderlik qabiliyyəti olan, mərd, cəsur, vətəninə, xalqına xidmət edən zabit kadrlarının yetişdirilməsidir”.

 

Hazırda məktəbdə 4 fakültə və 21 kafedra fəaliyyət göstərir. Beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası və vasitələri ilə kursantlara hərb elminin incəlikləri öyrədilir. Hərbi təhsil müəssisəsində jurnalistlər məişət şəraiti, hərbi və fiziki hazırlıq bazası, o cümlədən müxtəlif fakültələrdəki tədris prosesi, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqlarla da tanış olublar:

 

Bu otaq kursantlar üçün xüsusi təşkil olunan tank trenajor zalıdır. Səhra çıxışlarından öncə kursantlar burada kompüterlər vasitəsi ilə müxtəlif təyinatlı texnikaların sürülmə metodlarını öyrənirlər. Qarlı və yağışlı hava şəraitində texnikaların idarə edilməsi öyrənilir. Gördüyünüz bu hissədən kursantlar təlimat alırlar. Orada isə aldıqları təlimatı icra edirlər.

 

Ali Hərbi Məktəbdə dərslər müxtəlif ixtisaslar üzrə, geniş tutumlu sinif otaqlarında, elmi materiallar və müasir elektron avadanlıqların tətbiqi ilə tədris olunur. Tədris prosesini daha maraqlı və keyfiyyətli edən isə real döyüş vəziyyətini əks etdirən təlim dərsləridir.

 

Ordumuzun zabitlərinin döyüş təcrübəsi ilə yanaşı, döyüş ruhu da elə Ali Hərbi Məktəbdən başlayır. Bu zaman nəzəri dərslərlə yanaşı, atış təlimlərinin əyani, döyüş texnikaları üzərində tədris olunması mühüm əhəmiyyət daşıyır.

 

Kursantlara döyüş maşınlarının və silahların texniki xüsusiyyətləri peşəkar müəllim heyəti tərəfindən tədris olunur. Məktəbin baş müəllimi Elmar Əliyev deyir ki, bu il qəbul olan kursantlara tədris edilən fənlərə 10 yeni ixtisas əlavə olunub: “Yüksək manevri olan tırtıllı döyüş maşını olub düşmənin tanklarını, özüyeriyən artilleriya qurğularını, mühəndis qurğularını və canlı qüvvəsini məhv etmək üçün təyin olunub”.

 

Ali Hərbi Məktəbdə yerli tələbələrlə yanaşı, müxtəlif ölkələrdən olan kursantlar da təhsil alır:

 

- Mən Əfqanıstan Hərbi Akademiyasında oxuyurdum. Həmin vaxt Azərbaycan Hərbi Akademiyasından təklif gəldi ki, biz sizin kursantların bizdə təhsil almalarını istəyirik. Sonra mən internetdə baxdım, Azərbaycan Respublikası haqqında araşdırdım. Xoşuma gəldi. İstədim ki, gəlim bu ölkədə öz təhsilimi davam etdirim.

 

- Hal-hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıram. Mən burada olduğum müddətdə şahidi oldum ki, Azərbaycan Ordusu nə dərəcədə güclüdür. Məktəbdə təhsil aldığım müddət ərzində bizə yüksək təcrübəli zabit kimi formalaşmaqda bütün şəraitlər yaradılıb.

 

44 günlük Vətən Müharibəsində Ali Hərbi Məktəbin 600 nəfərə yaxın kursant və zabit heyəti döyüşlərə qatılıb. Onlardan 10 nəfər qəhrəmanlıq göstərərək şəhid olub, 23 nəfər isə yaralanıb. Şəhid olanlardan 5-i zabit müəllimlər, 5-i isə 4-cü kursdan müharibəyə göndərilən kiçik leytenantlardır. Şəhid polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.

 

- Burada olan müəllim-mütəxəssis heyəti bizə hərbinin incəliklərini öyrədib. Öyrəndiklərimiz sayəsində biz artıq döyüşün necə olacağını bilirdik. Biz hər şeyə görə burada olan rəhbərliyə, müəllim və zabit heyətində borcluyuq. Kursant yoldaşlarımdan beş nəfəri şəhidlik zirvəsinə ucalıb. Mən də onlarla eyni döyüşlərdə iştirak etmişəm, ağır yaralanmışam, onlar isə yüksək səviyyədə döyüşərək şəhid olublar.

 

Qeyd edək ki, Hərbi Məktəbin nəzdində kursantların asudə vaxtlarını səmərəli keçirə bilməsi üçün, hovuz, idman zalı və futbol meydançası, klub da fəaliyyət göstərir. Kursantlar gün ərzində 3 dəfə olmaqla keyfiyyətli qida ilə təmin olunurlar. 

 

Xələf Xələfov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv