Vətən Müharibəsinə iki qardaş qatıldılar, biri şəhid oldu - REPORTAJ

Müxtəlif rayonlarda, müxtəlif ailələrdə böyüdülər. Hər birinin xasiyyəti, düşüncəsi fərqli idi. Lakin hamısının sevgi ünvanı bir idi - Vətən. Elə buna görə də Vətənin dar günündə hamısı bir oldu. Vətənin müdafiəsinə qalxdı. Röyal Ziyad oğlu Qurbanov kimi.

APA TV-nin şimal bürosunun məlumatına görə, Röyal Qurbanov 2001-ci ilin avqustunda Siyəzənin Beşdam kəndində doğulub.

Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. Xüsusi Təyinatlı Dəstənin kəşfiyyat bölüyündə xidmət edən 19 yaşlı Röyal Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb.

Anası Zeynəb Qurbanova Röyalın müharibədən heç vaxt danışmadığını deyir: “Müharibədən heç nə demirdi. Mən ondan soruşurdum sizi də aparırlar, o da deyir ki, yox, biz ancaq təlimlərə gedirik. Sən demə, o, müharibədə iştirak edib, orda olub. Məndən soruşurdu ki, baxırsan televizora? Mən deyirdim ki, hə, amma o mənə heç nə demirdi. Mən ondan narahat deyildim, o biri oğlumdan narahat idim. O, gizir idi. Məni arxayın eləmişdi ki, bizi aparmırlar, biz ancaq təlimlər keçirik”.

Nənəsi Fatimə Qurbanova isə nəvəsinin Vətən uğrunda şəhid olduğunu bildirir: “Hamının balası kimi mənim də balam Vətən uğrunda, torpaq uğrunda, namus uğrunda gedib. Müharibə olanda məhərrəmlik ayı idi. Bütün şəhidlərimiz də həmin ay şəhid olublar. Mən bütün şəhidlərin nənəsiyəm, bütün şəhidlərlə fəxr edirəm”.

Röyal Vətən müharibəsində Suqovuşan qəsəbəsinin düşməndən azad edilməsində xüsusi igidlik göstərib. Oktyabr ayının 5-də Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə isə qəhrəmancasına şəhid olub. Oktyabrın 7-də doğulduğu kənddə torpağa tapşırılıb.

Onun qardaşı Rövşən də Vətən Müharibəsində iştirak edib: Mən onunla danışa bilmirdim, evdən onunla danışanda telefonları yaxın tuturdular, onda bir-birimizin səsini eşidirdik. Füzulidə, Cəbrayıl istiqamətində döyüşüb. Deyirlər ki, Suqovuşan istiqamətində gedən döyüşlərdə qəlpə yarası alaraq şəhid olub”.

Bacısı Zəhra Qurbanova qardaşı ilə fəxr etdiyini deyir: “Mən qardaşımla fəxr edirəm ki, o zirvədədir. Onun ölümü mənə çox pis təsir etsə də, mən başımı dik tuturam. Evdə ən çox onu istəyirdim”.

Şəhid Röyal Qurbanov Vətən Müharibəsində göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Vəli Turan,

Mais Allahverdiyev

Müəllif | Apa.Tv
Apa.tv