Vətən Müharibəsinin 16-cı günü: 12 oktyabrda nələr baş verdi?

12 Oktyabr, 2020-ci il. Azğınlaşan düşmən çirkin əməllərini həyata keçirmək üçün müxtəlif yollara əl atırdı. Dinc əhali hədəf seçilir, mülki infrastruktur dağıdılırdı. Düşmən ona edilən xəbərdarlıqlara məhəl qoymur, son nəfəsində də özünün qanlı əməllərindən əl çəkmirdi. Budur, səhər saatlarında Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşə tutuldu.

 

Ordumuz isə müharibənin irəliləyən günlərində də döyüşün əsas qayda və prinsiplərini qəti şəkildə pozmur, düşmənə dərs, dünyaya isə örnək verirdi.

 

Gecə boyu həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “QRAD” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edildi. Qırmızı bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edildi.

 

Saat 10:00-da Gornaboy, Tərtər və Ağdam rayonlarının ərazisi yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu. Nəticədə 1 nəfər xəsarət aldı.

 

Ordumuz isə hər keçən gün yazdığı tarixin səhifələrini genişləndirir, yüksək peşəkarlıq nümayiş etdirirdi. Bunun nümunəsi idi ki, 12 oktyabr tarixinə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin 2 PUA-sı, həmin gün saat 10:00-da isə Ağdam rayonu istiqamətində 1 PUA-sı Hava Hücumunda Müdafiə bölmələrimiz tərəfindən məhv edildi.

 

Saat 15:00-da Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Süleymanlı kəndinin videogörüntüsünü yayımladı.

 

Həmçinin həmin gün bəlli oldu ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket hücumunu “Elbrus” ballistik raketi ilə həyata keçirib. Raketin üzərində onun növünü müəyyənləşdirməyə imkan verən "8K14" yazısı aşkarlandı.

 

Ordumuz səngərdə tarix yazarkən, arxa cəbhədə isə hər kəs əsgərə maddi və mənəvi dəstək üçün birləşirdi. Xaricdə yaşayan vətəndaşlar sərt karantin rejiminə rəğmən ölkəyə gəlmək üçün can atır, sosial, siyasi mənsubiyyətindən asılı olmadan hamı döyüşmək istəyirdi. Qarşımızda isə yalan, riyakarlıq, qatillik simasına bürünən məğlub Erməni ordusu dururdu. Öz oyununa, özü düşən düşmən daha 28 gün öz məhvinə şahidlik edəcəkdi.

 

 

Müəllif | Apa.Tv
Apa.tv