13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Vətən Müharibəsinin 18-ci günü Tərtərdə erməni terroru...

Vətən müharibəsinin 18-ci günü... 14 oktyabr 2020-ci il tarixi də cəbhədə ağır döyüşlərlə yadda qalmışdı. Cəbhədən gələn qürurlandırıcı xəbərlər bir-birinin ardınca düzülür, arxa cəbhədəki insanları orduya daha da möhkəm bağlayırdı. Geri çəkilən işğalçı ordu isə elə birinci gündən olduğu kimi yenə iyrənc əməllərdən çəkinmir, yenə cəbhə boyunca yaşayış məntəqələrini artilleriya atəşinə tuturdu. Əkin təsərrüfatı və tikililərə ziyan dəyir, ən başlıcası insan itkiləri baş verirdi. Tərtərin Narlı qəsəbə sakini Ədavət Zahid oğlu Axundov da terror qurbanlarından biridir. Həyat yoldaşı Nəzakət Vəliyeva deyir ki, biz sentyabrın 27-si müharibə başlayanda getmişdik Bakı şəhərinə. Yoldaşım qalmışdı burda: “Qalmışdı deyəndə bütün küçə hamısı burada olub. Oktyabr ayının 14-ü səhər saatlarında mənə zəng gəldi ki, bəs hadisə baş verib. Erməni terrorudur də nə deyə bilərəm ki, top düşüb, mərmi düşüb qonşuya yoldaşım yaralanıb. Götürüblər xəstəxanaya orada da dünyasını dəyişib”.


52 yaşlı Ədavət Axundov Ağdərənin Umudlu kəndindən məcburi köçkün düşüb. Tərtərdə məskunlaşan terror qurbanı yaşadığı qəsəbədə üç övlad böyüdüb. Gələcək arzuları isə doğma Umudlu kəndinə nəvələri ilə qayıdıb orada həyat sürmək olub. Ancaq evinin yaxınlığına düşən mərmi onun arzularını yarıda qoyub... Ancaq onun doğmaları, bacısı oğlu Kamil Əlizadə də bütün bu terror aktlarının qisasının alınmasını böyük təsəlli hesab edirlər: “Allah müzəffər Ali Baş Komandanı qorusun. Allah Şəhidlərə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bütün bu dinc əhaliyə qarşı törədilən terrorun qisasını aldılar. Allah ordumuzu qorusun, həqiqətən 30 ildir işğalda olan torpaqları düşmən tapdağından azad etdilər”.


Müharibənin, erməni terrorunun yaratdığı fəsadlar demək olar ki, aradan qaldırılıb. Evlər bərpa edilib, təsərrüfatlar istifadəyə yararlı vəziyyətə gətirilib. Ancaq bu erməni terrorunun izinin silinməsi demək deyil. Başsız qalan ailələrin, valideynini itirən uşaqların kədəri, bir sözlə ailə faciələri tarixin səhifələrinə yazılan terror silsilələrindən oldu.


Elgün Gəncimsoy, Arzu Quliyev, APA TV – Tərtər   

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın