Vətən Müharibəsinin 21-ci günü: 17 oktyabrda nələr baş verdi?

17 oktyabr 2020-ci il. Bu gün ordumuzun düşməni sözün əsl mənasında darmadağın etdiyi günlərdən biri kimi yadda qalıb desək yanılmarıq. Həmin tarixdə düşmənin məhv edilən və ələ keçirilən texnikasını saymaqla tükənmirdi. Eyni zamanda Ermənistan ordusu özünün çirkin əməllərindən də geri qalmır, ağıla gəlməyəcək terror aktlarına əl atırdı.

 

Düşmən saat 01:00-da növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atdı. Lakin raketlər Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən havadaca zərərsizləşdirildi.

 

Bu əməlləri baş tutmadıqca Ermənistan ordusu fərqli mövqelər seçdi. 17 oktyabrda təkrarən Gəncə şəhəri raket hücumuna məruz qaldı.

 

Prezidentin köməkçisi Hikmət Hacıyev açıqlama verərək erməni terroru zamanı Gəncədə 13 nəfərin həlak olduğunu, 40-dan çox insanın yaralandığını bildirdi. 20 ev isə dağılmışdı.

 

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin verdiyi məlumata görə, raketin düşdüyü yerdən tapılan parçalar onun Elbrus əməliyyat-taktiki raket sisteminin ballistik raketlərinin olduğunu göstərirdi.

 

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə isə bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər yaralının, 13 nəfərin isə cəsədi çıxarılmışdı.

 

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri növbəti dəfə Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutdu.

 

 

Bütün bunların qisası isə cəbhədə, döyüş meydanında alınırdı. 16 oktyabr tarixində gün ərzində və 17 oktyabr tarixinə keçən gecə Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkildilər. Hərbi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edildi.

 

Ümumilikdə isə 27 sentyabr tarixindən 17 oktyabra qədər Ermənistan ordusuna məxsus 234 tank, 49 ədəd piyadanın döyüş maşını, 16 ədəd özüyeriyən artilleriya qurğusu, 190 ədəd müxtəlif çaplı toplar, 2 ədəd "Uraqan" sistemi, 1 ədəd "TOS 1a" odsaçan sursatı, 2 ədəd “Elbrus” əməliyyat-taktiki raket kompleksi, 1 ədəd “Toçka-U”, 2 ədəd “S-300” kompleksi, 35 ədəd "Osa" zenit raket kompleksi, 3 ədəd “Tor” zenit-raket kompleksi, 5 ədəd “Kruq” və “Kub” zenit raket kompleksləri, 9 ədəd radioelektron mübarizə sistemləri, 196 ədəd yük avtomobili məhv edilmişdi. 36 tank, 24 ədəd piyadanın döyüş maşını, 98 ədəd yük avtomobili isə qənimət kimi ələ keçirildi.

 

Saat 12:00 da isə Müdafiə Nazirliyi Ermənistan ordusunun S-300 zenit-raket kompleksinin məhv edildiyini göstərən videogörüntü yayımladı.

 

Saat 11:11-də Cəbrayıl rayonu istiqamətində Azərbaycan Ordusu mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistana məxsus 1 ədəd Su-25 təyyarəsi, eləcə də Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki Ordumuzun mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərərkən Hava Hücumundan Müdafiə bölmələri tərəfindən dərhal aşkar olunaraq məhv edildi.

 

Saat 16:00 da Müdafiə Nazirliyi Ermənistan ordusunun yanacaq-sürtkü materialları və döyüş sursatı anbarlarının aviasiya zərbələri ilə darmadağın edildiyini göstərən videogörüntü yayımladı.

 

Həmin dəqiqələrdə Ermənistan silahlı birləşmələri tərəfindən Ağcabədi rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutuldu. Nəticədə 1 nəfər yaralandı.

 

Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı isə son iki gündə dəqiq zərbə ilə Ermənistan silahlı qüvvələrinə məxsus 3 ədəd “Tor-M2KM” zenit-raket kompleksi məhv edildi. Cəbhənin Ağdərə-Ağdam istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilmişdi.

 

Saat 19:40-da isə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin “S-125” zenit-raket kompleksinin sıradan çıxarıldığını açıqladı.

 

Saat 21:00-da Düşmənin Ağdam rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutuması nəticəsində bir mülki şəxs yaralandı, yaşayış evinə isə külli miqdarda ziyan dəydi.

 

Düşmənin bütün təxribatlarına baxmayaraq Ordumuzun uğurlu əməliyyatı davam edirdi. Bunun nəticəsi idi ki, Prezident İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndlərinin, həmçinin Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqladı.

 

Azərbaycan və Ermənistan həm də 18 oktyabr, yerli vaxtla saat 00:00 dan etibarən növbəti dəfə müvəqqəti humanitar atəşkəsə razılıq verdilər. Başı anındaca əzilən düşmən, xarici havadarlarına minnətçi düşür, ordumuzun durdurulması üçün yalvarırdı. Lakin düşməni lərzəyə salan əməliyyatlar hələ 23 gündə davam edəcəkdi.

Müəllif | Apa.Tv
Apa.tv