Vətən Müharibəsinin 22-ci günü: 18 oktyabrda nələr baş verdi?

Saat 7 radələrində Ermənistan silahlı qüvvələri növbəti dəfə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutdu.

 

Düşmən bu təxribatlarla müharibəni öz ərazisinə çəkmək istəyirdi.

Lakin Azərbaycan ordusu əsla təxribatlara getmir, yalnız öz torpaqlarımızın işğaldan azad edilməsi uğurunda mübarizə aparırdı.

 

Ordumuz tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 zenit-raket kompleksinin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topu, 6 ədəd avtomobil texnikası məhv edilib, sıradan çıxarıldı.

 

Ermənistan silahlı qüvvələri saat 07:00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərdi.

 

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, saat 00:05-dən 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutdu.

 

Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirildi.

 

Saat 12:30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edildi.

 

Saat 13:00- da isə  Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edildi.

 

Saat 14:00-da  Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu.

 

Düşmən yenə təxribat törətməkdə davam edir, döyüş zonasından xeyli uzaq məsafədə yerləşən rayon və  kəndlərə raket zərbələri endirirdi.

 

 

Düşmənin Xızı rayonuna atdığı raket Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirildi.

 

Ordumuz isə daha böyük uğurlara imza atır, xalqımızın 27 illik həsrətini sona yaxınlaşdırırdı.

 

Budur, Azərbaycan Ordusu işğaldan azad edilmiş Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünə bayrağımızı sancdı.

 

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, elə həmin gün ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan Silahlı Qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətinə salındı.

 

Bəli. Düz vurğuladıq. Düşmənin nəinki bir alayı, onlarla hərbi hissəsi, yüzlərlə komanda mərkəzləri, canlı qüvvəsi və hərbi texnikası məhv edilir, sıradan çıxarılır, ümumən Erməni ordusu iflic duruma salınırdı. Ermənistan ordusunun tamamilə məhv edilməsinə isə cəmi 22 gün qalmışdı.

Müəllif | Apa.Tv
Apa.tv