Vətən Müharibəsinin 30-cu günü: 26 oktyabrda nələr baş verdi?
26 oktyabr 2020-ci il. Ordumuz, döyüşlərin davam etdiyi bütün mövqelərdə üstünlüyü qoruyub saxlayırdı. Düşmənin keçilməz sandığı bütün postları darmadağın edilərək, məğlubedilməz adlandırdığı canlı qüvvəsi rəzil duruma salınırdı. Hər gün yüzlərlə Ermənistan ordusuna məxsus hərbi texnika, silah-sursat sıradan çıxarılır və ya işlək vəziyyətdə ələ keçirilirdi. Artıq bütün dünya ən əsası da Ermənistan rəhbərliyi bilirdi ki, təslim olmaqdan, silahı yerə qoymaqdan başqa çarələri yoxdur.
ABŞ Dövlət Departamenti məlumat yayaraq Dağlıq Qarabağda humanitar atəşkəs elan olunduğunu bəyan etdi. Humanitar atəşkəs Bakı vaxtı ilə saat 08:00-dan başlayırdı.
Lakin Müdafiə Nazirliyi məlumat yayaraq bu atəşkəs rejiminin də Ermənistan Silahlı Qüvvələri tərəfindən kobudcasına pozulduğunu bildirdi. Düşmən Laçın rayonunun Səfiyan kəndində yerləşən Ordumuzun mövqelərini artilleriya atəşinə tutmuşdu. Üstəlik Tərtər şəhəri və onun kəndləri artilleriya atəşinə məruz qaldı. Lakin bu təxribatlar Azərbaycan əsgərinin iradəsini qıra bilməzdi.
Sentyabrın 27-dən başlayaraq oktyabrın 26-a qədər Ermənistanın 252 tankı məhv edilmiş, 53 tankı qənimət kimi götürülmüşdü. Bundan başqa, 50 piyadaların döyüş maşını məhv edilmiş, 29-u qənimət kimi götürülmüşdü. 251 müxtəlif çaplı toplar məhv edilmiş, 24-ü qənimət kimi götürülmüşdü. 61 minaatan məhv edilmiş, 45-i qənimət kimi götürülmüşdür. Eləcə də 53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS”, 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 ”KRUQ”, 2 “S-125”, 6 “S-300” atıcı qurğusu məhv edilmişdi. Həmçinin bir aşkaretmə stansiyası, bir lokator, 2 Elbrus, 1 “Toçka-U” 231 yük avtomobili məhv edilmiş, 173 yük avtomobili hərbi qənimət kimi götürülmüşdür.
Prezident, Ali Baş Komandan isə ənənəvi olaraq yenə də xalqın gözlədiyi xoş xəbəri özü çatdırdı.
“Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!”
Müharibənin bitməsinə isə 14 gün qalırdı. Bu günlər ərzində isə düşmənin daha neçə-neçə hərbi texnikası, raket kompleksləri, canlı qüvvəsi məhv ediləcəkdi.