Vətən müharibəsinin şəhidi, kapitan Əbülfəz Rəhmətov Lerikdə dəfn olunub 

Lerikdə şəhid kapitan Əbülfəz Rəhmətov dəfn olunub. 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Vətən Müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi 7 aydan sonra Cəbrayıl rayonu ərazisində aşkar edilib. Bu gün şəhidin nəşi böyüyüb boya-başa çatdığı Lerik rayonunun Anbu kəndinə gətirilib.

Şəhidin dəfn mərasimində yaxınları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. Şəhid kapitan Anbu kənd qəbiristanlığında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycan Bayrağı şəhidin atası Hüseynverdi Rəhmətova təhvil verilib: 

Şəhidin döyüş yoldaşı Amil Məhərrəmoğlu onun döyüş yolunu belə xatırlayır: “Şəhid kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlu silahlı qüvvələrimizin Cəbrayıl və Qubadlı rayonu istiqamətində döyüşərək irəliləyərkən yüksək rəşadət göstərərək düşmənin “UAZ” markalı minik avtomobilini ələ keçirdən zaman qəhrəmancasına şəhid olmuşdur. Şəhid kapitanımız son dərəcə çevik, bacarıqlı, peşəkar hərbi zabit idi. Döyüşlər zamanı da şəxsi heyətini bacarıqla idarə edir, hər zaman şəxsi heyətin önündə irəliləyirdi”.

Şəhidin qardaşı Saday Rəhmətov qardaşı ilə fəxr edir: “2006-cı ildə ali hərbi məktəbə qəbul oldu, oranı uğurla bitirdi. 2010-cu ildə leytenant rütbəsi aldı. Həmişə ali hərbi məktəbdən, onun işlədiyi hərbi hissədən bizə təşəkkürlər gəlirdi. 10 ildən çox idi hərbidə işləyirdi. 2016-cı ildə Aprel döyüşlərində Lələtəpənin azad olunmasında iştirak edib. 2020-ci ildə Tovuz döyüşlərində iştirak edib, şəhid general-mayor Polad Həşimovla ön sırada olub”. 

Qeyd edək ki, Vətən müharibəsində itkin düşən şəhid Əbülfəz Rəhmətov Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. O, motoatıcı taborun qərargah rəisi olub. Şəhidimizin özündən sonra iki övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv