Vətən Müharibəsinin yeganə xanım şəhidi – CİBİNDƏN UŞAQLARININ DƏRS CƏDVƏLİ ÇIXDI
Vətən Müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışovanın evindəyik.
İndi onun ocağının işığını 11 yaşlı oğlu Mərdan və 10 yaşlı Zəhra yandırır.
Bizi anası qarşıladı. Məktubə Baxışova 31 yaşlı Arəstənin övladları ilə birgə çay süfrəsi arxasında əyləşib şəhid övladının qəhrəmanlığından danışdı. Arəstə iki qardaşın bir bacısı olub. Anası Məktubə xanım deyir ki, evin tək qız övladı olmasına baxmayaraq, ərköyün olmayıb, anasının, ailəsinin həm dayağı olub, həm də sözün əsl mənasında dostu. Atasının sevimli qızı, anasının dostu, qardaşlarının sevimlisi olub Vətən müharibəsinin 31 yaşlı ilk şəhid xanımı... “Yoldaşım hərbçi olub. Biz uzun müddət Ukraynada yaşamışıq. 1993-cü ildə həyat yoldaşım xərçəng xəstəliyindən rəhmətə gedib. Aprelin 8-i həyat yoldaşım oğlum Turalın ad günü vaxtı rəhmətə getdi. Onda Arəstənin 4, Vüqarın 6 yaşı vardı. 1993-cü ildə sentyabrın 1-i üçün atası onların məktəb paltarlarını almışdı. Nəsib olmadı, atası onların məktəbə getdiyi günü görmədi. Arəstə atasına çox bağlı idi. Atası ona öz anasının adını qoymuşdu. Anası uşaq üstündə 32 yaşında dünyasını dəyişmişdi. Deyirdi o, mənim anamdır”.
Məktubə xanım deyir ki, Arəstə özünü dərk edəndən hərbçi olacağını deyib: “9-cu sinifdən Sabir adına texnikuma qəbul olmuşdu. İkinci kursda ailə qurdu. Ailə həyatı uğurlu olmadı. Övladları mənim yanımda böyüyüblər. Qızıma dayaq olmaq üçün bu iki göz balaca otağı tikdim əllərimlə ki, bizim yanımızda qalsın. Ailəsindən ayrılandan sonra hərbi hospitala işə düzəldi, tibbi kursu uğurla bitirdi. Beyləqanda müddətdən artıq həqiqi hərbi xidmət kursunu keçdi. Rabitədə işləməyə başladı”.
Arəstə Baxışova hərbçi olmaq arzusunu gerçəkləşdirmək üçün Beyləqanda kiçik çavuş kimi çalışmağa başlayıb: “Cəbhəyə könüllü getdi. Sentyabrın 27-dən cəbhəyə yollanıb. Xaraktercə öndə olmağı xoşlayırdı. Bunu qonşularım da bilir, çalışırdı hər kəsin köməyinə çatsın. Dedi ki, “ana, burda dözə bilmirəm, mənim yerim oradır”. Dedim, qızım, mən sizi 3 uşağı zülmlə böyütmüşəm. Övladlarımı tək böyütmüşəm, heç kim əlimdən tutmayıb. Tibbi bildiyi üçün müharibə başlayan kimi yararlılara kömək məqsədilə özü könüllü getdi”.
2019-cu ilədək cəbhə bölgəsində çalışan şəhid xanım tez-tez ailəsi ilə telefon əlaqəsi saxlayırmış. Məktubə xanıma oktyabrın 23-ü axşam saatlarında zəng gəlib. Anası deyir ki, Arəstədən nigaran idim, çünki son günlər zəng etsək də, az-az cavab verə bilirdi. Sonuncu söhbətlərində anasına deyib ki, Füzuli və Qubadlı cəbhəsi tərəfdədir. Elə ona görə də zəng gələndə də elə bilib ki, qızıdır. Amma... “Döyüşçü yoldaşları necə həlak olduğunu dedilər sonra. Döyüş bölgəsindən yaralı əsgərlərimizi çıxarırmış. Başından snayper gülləsi ilə vurublar. Məni çağırdılar, tanıtıma özüm girdim. Balam heç gözəlliyini itirməmişdi. Uzun saçları var idi. Rəngi də solmamışdı. Qızım həm gözəl, həm də məğrur idi. Qorxu nədir bilməzdi. İnanmadım. Zəng edən qızımın yaralı olduğunu dedi. Xəstəxanaya çatanda dedilər ki, başınız sağ olsun, ana!”
Anası deyir o, mənim tək qızım deyildi: “Həm də dostum olub. Sirrimiz-sözümüz bir idi, ana-bala... Müharibə başlamamışdan əvvəl bir həftəlik icazə alıb evə gəlmişdi. Sentyabrın 16-da gəlib mənim ad günümü keçirdi. Qardaşları işdən gələnə qədər öpdü, qucaqladı, dedi, ana, 55 yaşın mübarək!”
Məktubə xanım deyir ki, qızı övladlarını dəli kimi sevirdi: “Bilirsiniz cibindən nə çıxdı... (Ağlayır) Övladlarının dərs cədvəli. Hansının dərsi hansı saatdadır, yazmışdı... Uşaqları üçün canını verirdi. Boş vaxt tapan kimi zəng edib deyirdi ki, mama, Mərdan dərsə gedib gəlirmi? Elə hey deyirdi oxusunlar. İkisini də hazırlığa qoymuşdu. Özü də ingilis dilini yaxşı bilirdi”.
Qəhrəmanımızın anası deyir ki, övladlarının qanı yerdə qalmadığı üçün xoşbəxtdir: “Şükür bu günə ki, balalarımızın qanı yerdə qalmadı. Sağ olsun Prezidentimiz, möhkəm dayandı, torpaqlarımızı geri ala bildik. Allah can sağlığı versin”.
Arəstə xanımın övladları Mərdan və Zəhra dərslərini yaxşı oxuyurlar. Nənəsi deyir ki, Mərdan anasının şəhid olması ilə bağlı xəbəri duyanda sarsıntı keçirib, bəzən saatlarla susur. Amma ağrısına, iztirabına baxmayaraq, bacısına dayaq olur. Zəhra anasının yoxluğu ilə barışmadığını deyir, amma ona söz verdiyi kimi, məktəbi əla qiymətlərlə bitirəcəyini düşünür: “Hər zəng edəndə deyirdi, dərslərinizi yaxşı oxuyun. O, mənim həm anam, həm də dostum idi”.
Övladlarını anasına əmanət edib yaralı əsgərlərimizin yarasına məlhəm olmağa çalışan Vətən Müharibəsinin 31 yaşlı şəhid xanımı, ruhun şad, məkanın cənnət olsun!
SEVİNC
FAİQ