Vətən Müharibəsinin “Zəfər muzeyi” – REPORTAJ

Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, paytaxtda 44 günlük Vətən Müharibəsinin məğzini, detal və simvollarını özündə birləşdirən yeni muzeyin yaradılması nəzərdə tutulur. Bəs bu muzey nə zaman, harada və hansı formada yaradılmalıdır?

 

Artıq həftələrdir bu suallar rəsmi şəkildə cavabsız qalsa da, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən bu istiqamətdə müəyyən müzakirələr aparılır, yeni təkliflər irəli sürülür. Hər kəs “Zəfər muzeyi”ni özünün görmək istədiyi şəkildə - 44 günlük müharibənin qazandırdığı qələbənin ucalığı səviyyəsində təsəvvür edir.

 

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərli hesab edir ki, inşa ediləcək “Zəfər muzeyi”ndə daha çox Azərbaycan tarixinin ən şanlı səhifəsinə yer verilməlidir. Bu isə Ali Baş Komandanın başçılığı ilə müzəffər Azərbaycan Ordusunun 44 gün ərzində keçdiyi döyüş yolu, itirdikləri və qazandıqları olmalıdır: “Təbii ki, muzeydə Vətən Müharibəsinə kimi xalqımızın hansı qəhrəmanlıqları olub ki, onlar, eyni zamanda dövlətimizin tarixi mütləq əks olunmalıdır. Azıx mağarası, Kəlbəcərdə olan Zar mağarası qədim insan məskəni kimi bizim tariximizin ən mühüm hissəsi olduğundan, belə bir muzeydə yer almalıdır. Hesab edirəm ki, muzeyə gələnlər - bizə dost olanlar da, olmayanlar da xalqımızın şanlı tarixini görməlidir. Eyni zamanda da 44 günlük müharibənin bütün detalları əks olunmalıdır”.

 

Professor hesab edir ki, muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarif müəssisəsi olduğundan, burada əsrlər boyu türk birliyi, qardaşlığı da öz əksini mütləq tapmalıdır. Ötən əsrin əvvəllərində Bakının azad olunmasında Nuri Paşanın qardaşlıq yardımından tutmuş 44 günlük müharibədə Türkiyə Cümhuriyyətinin mənəvi dəstəyinə kimi bütün detallar muzeyin əsas bölmələrindən biri olmalıdır.

 

Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı isə deyir ki, “Zəfər muzeyi” kompleksinin önündə dayanan istənilən şəxs – istər əcnəbilər, istərsə də Azərbaycan vətəndaşları ilk növbədə millətimizin, dövlətimizin, hərb sənətimizin qüdrətini, əsgər, gizir və zabitlərimizin şücaətini, milli birliyimizi əks etdirən və düşmənin başını əzən Ali Baş Komandanın yumruğunu, eyni zamanda arxa cəbhə ilə ön cəbhənin vəhdətini görməlidir. Muzeyə baxan hər bir azərbaycanlı ölkəsi, vətəni, dövləti, milləti və millətin bağrından çıxan ordusu ilə qürur duymalıdır: “Muzeydə mütləq əks olunmalıdır ki, xalqımız hansı soyqırımlarından, acı faciələrdən keçib. Ermənilərin törətdikləri soyqırımları ayrıca bölmə şəklində verilməlidir. Bu, əslində nifrəti körükləmək deyil, əksinə, xalqın tarixini yaddaşlardan silinməyə qoymamaqdır. Hesab edirəm ki, iki önəmli tarixi birləşdirməklə böyük bir “Zəfər muzeyi” yaratmaq olar. Birinci qatda Soyqırımları muzeyi, ikinci qatda isə “Zəfər muzeyi” ola bilər”.

 

Qeyd edək ki, XXI əsrdə elm və texnologiyanın dəyişməsi muzeylərin forma və xüsusiyyətini də köklü surətdə dəyişib. İndi bütün dünyada ən müasir texnologiyada hazırlanan smart muzeylər fəaliyyət göstərir. Elə gənc memarlarının görmək istədikləri “Zəfər muzeyi” də ən son texnologiyalarla hazırlanaraq, bütün dünyaya bizə zəfər bəxş edən qəhrəmanlarımızı tanıtmağa hesablanıb.

 

Layihənin rəhbəri Muxtar Ərturanın sözlərinə görə, “İstiqlal Zirvəsi” adlandırdıqları layihə Azərbaycan və Türkiyə mühəndislərinin birgə əməyidir. Bu, iki dövlət, bir millətin layihəsi, türkçülüyün rəmzidir: “İstiqlal Zirvəsi” Azərbaycan bayrağının simvolları – milli atributlarımızdan olan və Türk Dünyası simvollarını əks etdirən aypara və səkkizguşəli ulduz şəklində, ultramüasir, çoxmərtəbəli bina olmaqla layihələndirilib. Bina paytaxt Bakı şəhərinin ən yüksək yerində nəzərdə tutulub. Şəhidlər Xiyabanı, Əbədi Məşəl və əsas prospektlərdən panoram görüntü açılmaqdadır. Binanın ətrafında landşaft dizaynı da milli memarlıq ornamentlərimizi əks etdirməkdədir. Memorial kompleksin Bakı şəhərinin ən yüksək yerində, hər yerdən görünə biləcək məkanda, Teleqüllənin qərb istiqamətinə yerləşdirilməsi nəzərdə tutulur”.

 

Müəllif deyir ki, layihənin birinci mərtəbəsinin atrium hissəsində, döşəmədən nisbətən hündürdə yerləşən, dairəvi Turan Birliyini əks etdirən gerb Azərbaycan bayrağının üçrəngli simvolları ilə əhatə olunur: “Bu simvolların üzərində Vətən Müharibəsi şəhidlərinin adları göstəriləcək və bu, gələcəkdə şəhidlərimizin müqəddəs anım yeri kimi nəzərdə tutulub. Şəhidlərin adları Azərbaycan bayrağı üzərində fosfor tərkibli nano boya ilə yazılacaq ki, bu da öz növbəsində “ULTRA NEON Conspiracy Hologram” işıqlar sayəsində bərq edəcək. Bu simvolik gerbin üzərində, hündürlüyü 30 metr olan “Stace Performance Hologram” silindr nəzərdə tutulur. Bu silindr daxilində Ulu Öndər Heydər Əliyev, İlham Əliyev, Rəcəb Tayyib Ərdoğanın 7D formatında holloqrafik təsvirləri onların seçmə çıxış nitqləri ilə müşayiət olunacaq və hər epizoddan sonra 7D formatında Odlar Yurdunun simvolunu əks etdirən, eyni zamanda şəhidlərimizin əbədi xatirəsinə  holloqrafik məşəl (BİO) yanacaq. “3D AR Vol Techno “ holoqram. 30 metr hündürlüyündə Əbədi Məşəl dünyanın ən böyük məşəli olacaq”.

 

Muzey kompleksində ulu öndər Heydər Əliyev irsinin öyrənilmə mərkəzinin də fəaliyyət göstərilməsinin nəzərdə tutulduğunu deyən Muxtar Ərturan bildirib ki, muzeydə eyni zamanda 3D formatda Milli qəhrəmanlarımıza və onların göstərdiyi şücaətə həsr ediləcək zal da nəzərdə tutulur: “Şəhid olmuş Milli qəhrəmanlarımızın 3D vizual Holoqram görüntüləri ilə hər kəs canlı tanış olacaq. Həmçinin xalq öz qəhrəmanlarını yaxından canlı olaraq tanıyacaq və “Real Time” izləyəcək. Bu formatlı layihə dünyada bir yenilikdir. Hər bir Milli Qəhrəmanın 3 D formatında tam animasiyalı, hərəkətli görüntüsü yaradılacaq ki, canlı insandan seçilməyəcək dərəcədə real müşahidə ediləcək. Həmçinin xüsusi texnologiya və “İnteraktiv vizualization and vioice Tablo” vasitəsilə Milli Qəhrəmanla tanış olan hər bir kəs onun haqqında vizual və səsli məlumatları alacaq”.

 

Muzeyə daxil olan ziyarətçilər 20 Yanvar faciəsi və Xocalı soyqırımını 1 dəqiqə ərzində canlı olaraq izləyə biləcək, müstəqillik tariximizi və İstiqlal tariximizi əks etdirən smart kitabxana, səsli və vizual görüntülərlə təchiz olunmuş müasir dünya tələblərini özündə əks etdirə smart rəsm qalereyası ilə də yaxından tanış ola biləcəklər.

 

Eyni zamanda gənc memarlar muzeyin Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının mərkəzi olacağına da əmindirlər. Çünki burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans, akt zalları və fərqli təyinatlı otaqlar nəzərdə tutulur.

 

Layihənin rəhbəri deyir ki, bütün bunlar konsepsiya şəkilində artıq aidiyyəti qurumlara təqdim edilib. Gələcəkdə layihə “Zəfər muzeyi”nin layihəsi kimi təsdiq edilərsə və hazırda  nəzərdə tutulandan fərqli təkliflər olarsa, memarlar həmin təklifləri dəyərləndirib layihədə dəyişikliklər edə bilərlər.

 

Xatırladaq ki, Mədəniyyət naziri Anar Kərimov “Zəfər muzeyi”nin yeri ilə bağlı müzakirələrin aparıldığını, bununla bağlı aidiyyəti dövlət qurumları və ekspertlərlə danışıqların getdiyini bildirib. 

 

Hər halda, “Zəfər muzeyi” zəfər tariximizin ən ali zirvəsi olaraq özündə bütün tarixi gerçəkliləri birləşdirəcək, ən şanlı günlərin əbədiləşdiriləcəyi məkana çevriləcək. İnanırıq ki, o gün uzaqda deyil.

 

İlahə Vəliyeva

Üzeyir Ağayev

APA TV 

 

Müəllif | Apa.Tv
Apa.tv