"Vətən və iman" kitabı təqdim olundu

"Azad Qarabağda Azərbaycanın üçrəngli dövlət bayrağının dalğalanması və azan səsinin ucalması böyük nemətdir".

 

APA TV-nin məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Vətən və iman" kitabının təqdimatında bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz səyləri ilə Azərbaycan dövlətçiliyinin Zəfəri bu gün azad Qarabağda bayram namazları, Novruz tonqalları və Xarı Bülbül festivalları ilə, abadlaşan kənd və şəhərlər, yenidən qurulan məscid və məbədlərlə, Füzuli Beynəlxalq hava limanı və Şuşaya aparan Zəfər yolu ilə davam edir.

 

QMİ sədri deyib ki, Vətən müharibəsi dövründə Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan din xadimləri Zəfərin qazanılması, dövlətimizin haqq işinin qələbəsi naminə fədakar zəhmət çəkib, mənəvi cəbhədə rəşadətlər göstərib, qəhrəman şəhidlərin şəhidlik məqamına layiq şəkildə yüksək səviyyədə dəfn ayinlərinin və anım mərasimlərinin həyata keçirilməsində gecəli-gündüzlü xalqa xidmətdə olub, orduya dəstəklərini əsirgəməyiblər.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, kitabda Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğurunda gedən mübarizədə din xadimlərinin bir neçə istiqamətində fəaliyyətindən bəhs edilib.

 

Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin Milli azlıqlar və dini qurumlarla iş sektorunun müdiri Müzəffər Talıblı deyib ki, 1990-cı illər dövrü Azərbaycanın mürəkkəb, xaosla dolu proseslərin baş verdiyi dövrdür.

 

Tədbirdə millət vəkilləri və dini konfessiya rəhbərləri də kitabın əhəmiyyəti ilə bağlı fikirlərini çatdırıblar.

 

 

Müəllif | Apa.Tv
Apa.tv