“Vətəndaş dövlətdən narazıdırsa, mən nə etməliyəm?” - Nazir
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı Elm və Təhsil Nazirliyi ilə birgə ictimai dinləmə keçirilib.
Dinləmədə parlamentin Elm və təhsil komitəsinin deputatları, Elm və təhsil naziri Emin Əmrullayev, nazirliyin əməkdaşları və Təhsil İnstitutunun direktoru Rüfət Əzizov iştirak edib.
Naziri Emin Əmrullayev deyib ki, ali təhsil müəssisələrinə qəbul sistemində problem var. O bildirib ki, bunlardan əsası ixtisas seçimidir:
Sitat
"Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur". Sitatın sonu
Nazir əlavə edib ki, biz ali təhsil müəssisələri arasında rəqabətliliyə meyl etmirik. O bildirib ki, məsələn, tibb bir yerdə olsa daha yaxşıdır, 4 yerdə olsa keyfiyyət itə bilər. Onun sözlərinə görə, bu gün Azərbaycan universitetində bir mühəndis hazırlamaq üçün 1600 manat vəsait ödənilir. 1600 manata isə beynəlxalq rəqabətədavamlı mühəndis hazırlamaq mümkün deyil. O bildirib ki, "Ali təhsil haqqında" Qanun elə yazılmalıdır ki, arzuları deyil, özündə gerçəkləşə biləcək müddəaları əks etdirsin.
Emin Əmrullayev vurğulayıb ki, elə tələbələr var ixtisası olan xarici dili bilmirlər:
“Adam xarici dildə hüquq, mühəndis ixtisasına yiyələnib. Amma həmin dili bilmir. İndi burada problem kimdədir? Daha sonra tələbə dövlətdən narazı qalır. Bu vəziyyətdə vətəndaş dövlətdən narazıdırsa, burada mən nə etməliyəm?”, - deyə nazir çıxışında vurğulayıb.
O qeyd edib ki, dövlətdən narazı qalan vətəndaşa yalançı diplom verməklə vəziyyət düzəlməz. Ədalətli yanaşma odur ki, diplom ala bilməyənə diplom verilməsin.
Sitat
Biz işə qəbulda görürük ki, pedoqoji diplom almış məzun müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik?! Həqiqət bundan ibarətdir ki, vətəndaş dövlətdən narazıdır. Biz vətəndaş dövlətdən narazı qalmasın deyə ona havayı diplom verəndə axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Nə vaxtsa, ona “yox” deməyilik”.
Sitatın sonu
Nazir söyləyib ki, sənədində axund, imam, şəriət müəllimi yazılan şəxs onlara müraciət edir ki, diplom alsın: “Diploma hansı ixtisası yazaq? Onun oxuduğu sahə təsdiq olunan ixtisas təsnifatında yoxdur, diploma hansı ixtisası yazım?!””, - deyə elm və təhsil naziri əlavə edib. Emin Əmrullayev bildirib ki, son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir.
O deyib ki, bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentin seçiminə görə edirlər.