Vətəndaş oğluna görə müraciət etdi, TƏBİB sənəd yolladı ki, qızınız ölüb

 

Tovuz rayonu Əyyublu kənd sakini Elvin Yusifli APA TV-yə ilk dəfə, oğlu Hüseyn Yusiflinin bir qolunun rayonun Mərkəzi Xəstəxanasında həkim səhlənkarlığı səbəbindən iflic olması ilə bağlı şikayət edib. Vətəndaşın şikayəti yayımlandıqdan sonra TƏBİB açıqlama verdi ki, məsələ TƏBİB rəhbərliyinin nəzarətindədir. Körpənin ailə üzvləri ilə əlaqə saxlanılıb və onlar TƏBİB-ə dəvət ediliblər.

 

Bu açıqlamadan bir neçə ay sonra isə Elvin Yusifli yenidən bizimlə əlaqə saxladı. Vətəndaş bildirir ki, uşağının vəziyyəti heç də açıqlamada deyildiyi kimi, kiminsə nəzarətində deyil. Hətta vəziyyət o həddə çatıb ki, qurumdan Elvin Yusifli adına ünvanlanan məktubda onun oğlunun vəziyyəti əvəzinə başqa bir uşağın ölüm faktı barədə məlumat verilib. 

Valideynlər bildirir ki, həkimlər uşağın müalicəsinin 18 yaşına kimi davam etməli olduğunu deyib. Bunun üçün isə onların vəsaiti yoxdur. 

 

Şikayətçi ata deyir ki, indiyə kimi oğlunun müalicəsini davam etdirə bilmək üçün borca düşüb, əlində-ovcunda olan hər şeyini satıb.

 

Ata bildirir ki, uşağın qolunun həkim səhlənkarlığı səbəbindən iflic olması ilə bağlı əlində sənədləri olsa da onun şikayətinə düzgün baxılmır.

Məsələ ilə bağlı ilk olaraq TƏBİBlə əlaqə saxladıq. TƏBİB-in sözcüsü Zamirə Ədilova bildirdi ki, qeyd edilən məsələ ilə bağlı araşdırma aparılıb və qeyd edilən iddialar öz əksini tapmayıb.

Vətəndaşa yanlış sənədin göndərilməsini isə qurum rəsmisi işlərin çoxluğu ilə əlaqələndirib. Üzrxahlıq bildirib və qeyd edib ki, bu texniki səhvdir.

 

 

Atanın şikayətinə düzgün baxılmaması ilə bağlı iddiasına aydınlıq gətirmək üçün Baş Prokurorluqla da əlaqə saxladıq. Prokurorluqdan sorğumuza cavab olaraq bildirildi ki, faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlaması rədd edilib. Həmçinin vətəndaşa qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olunub.

Qeyd edək ki, valideynin ilk şikayəti Tovuz rayon mərkəzi xəstəxanasından olub. Valideynin bildirdiyinə görə onun yeni doğulan körpəsinə iynə vurmaq üçün həkim öz gəlinini göndərib. Valideynin bildirdiyinə görə, məhz bu səhlənkarlıq nəticəsində körpənin sağ qoluna infeksiya düşüb və hazırda körpə sağ qolunu hərəkət etdirə bilmir.

Müəllif | Apa.Tv
Apa.tv