Vətəndaş pulunu ödəsə də, soyuqda qalır - "Azəristiliktəchizat" HARA BAXIR?
Xətai rayonu Gəncə prospekti 11 B, mənzil 10 ünvanındayıq. Bu mənzildə yaşayan Kərimov Xaləddin adlı şəxs qaynar xəttimizə zəng edərək, evlərində istiliyin olmaması ilə bağlı şikayət etdi. Adıçəkilən şəxsin evinə gəldik və gördüyünüz kimi mən adyala bürünmüşəm. Çünki çöldəkindən fərqi yoxdur bu temperaturun və ev sahibəsindən xahiş etdim ki, alternativ qızdırıcı vasitələrindən birini mənim yanıma qoysun, bir az qızınım, sonra biz çəkilişə başlayaq. Təbii ki, bunu kamera vasitəsilə sizə çatdırmaq qeyri-mümkündür, çünki istilik elə bir şeydir ki, gözlə görünmür. Odur ki, süjetimizi izləyin və mövcud vəziyyətdən siz de xəbərdar olacaqsınız.
Şikayətçi Xaləddin Kərimov deyir ki, dəfələrlə müraciət etsək də, problemin həlli ilə bağlı tədbir görən yoxdur: “Özünüz də görürsünüz ki, “otoplenia” soyuqdur. Evdə də belə gəzirik. Dəfələrlə istilik idarəsinə müraciət etmişəm, onlar deyir ki, bizdən asılı səbəblər deyil deyə sizin binaya istilik verə bilmirik. Sizin bina axırıncı binadır və axırıncı xəttə biz istilik verə bilmirik. Bizə dedilər ki, sizə bundan artıq istilik verə bilmirik. Ancaq bizə hər ay çek gəlir ki, ödəniş edin, biz necə ödəniş edək ki, bunu görmürük”.
Digər şikayətçi Hamil Həsənov da istiliklə bağlı uzun zamandır ki, problem yaşadığını bildirir: “Hazırda bu binada yaşayıram. İstilik veriləndə birinci il demək olar ki, olmadı, məcbur qızdırıcı yandırdım. Müraciət etdik baxılmadı. Hər ay elektrikə mən 50-60 manat pul verirəmsə köçüb başqa yerdə kirayə yaşayaram da”.
Yəqin burada deyiblər “Qızınmadıq istisinə, kor olduq tüstüsünə”. Təbii ki, bu yeni xəbər deyil. Bununla bağlı istər qaynar xəttimizə, istərsə də, sosial platformalardan aydın görünür ki, analoji problem “Azərisitilktəchizat” tərəfindən istiliklə təmin olunan əksər yaşayış binalarında, habelə orta məktəblərdə də yaşanır. İstiliyin sadəcə adı var, özü isə qeybə çəkilib. Alternativ yanacaq vasitələrindən istifadə etməklə evlərini qızdıranları başa düşmək üçün isə cəmi bir neçə saat onların evində olmaq kifayət edir. Bu böyük bir problemdir. Çünki pandemiyanın tüğyan etdiyi bir dövrdə özümüzü nə qədər qoruyucu vasitələrlə mühafizə etməyə çalışsaq da, ciyərlərimizə işləyən soyuq hava sözünü deyir.
Bəli, vətəndaş istiliyin olmamasından şikayət edir. Biz də mövzunu araşdırmaq üçün “Azərisitiliktəchizat” ASC-yə gəlmişik ki, vətəndaşın suallarına cavab alaq. Maraqlıdır cavabları nə olacaq?
Qurumun Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev sualımızı belə cavablandırdı: “Bu günlərdə otaq artımında istilik yerini dəyişirlər, bu halda problem yaranır. Sistem nə qədər dönmə çox olsa müqavimət artır. Bunun nəticəsində də qazanxanadan verilən istilik mənzildə yaxşı keyfiyyət göstərmir. Bunların müxtəlif səbəbləri var. Hamısına fərdi halda yanaşılmalıdır. Vətəndaş sosial şəbəkədə öz fikrini bildirir. Amma əvvəlcə bizə desə daha yaxşı olar. Biz gəlin məsələni aydınlaşdıraq. Problem Azəristilikdəndirsə, yarım saata həll edək”.
Xidmət rəisi vətəndaşın ilk növbədə onlara müraciət etməsini istəyir. Vətəndaşlar isə dəfələrlə bu quruma müraciət etsələr də, problemin həlli istiqamətində heç bir tədbir görülmədiyini deyirlər. Amma təkcə məsələ bununla da bitmir. Belə ki, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Azəristiliktəchizat” ASC-nin onlara 34.3 milyon manat borcu olduğunu və dekabrın 15-nə kimi bu məbləğ ödənilməsə sözügedən quruma qaz verilişinin dayandırılacağını bildirmişdi. Ümumiyyətlə hər il dövlət tərəfindən dotasiya ilə təmin olunan bir qurumun niyə bu gün "Azəriqaz”a 34,3 milyon manat borcu olsun ki? Halbuki vətəndaş ayın axırında kommunal xərcləri ödəyir. İki qurum arasındakı mövcud problemin bədəlini niyə vətəndaş ödəməlidir?
Rafiq Əliyev bu problemdən vətəndaşların əziyyət çəkməyəcəyini bildirir: “Vətəndaşın üstünə atmırıq. Azəristiliklə Azəriqaz arasında borc məsələsi var. Bu borc məsələsi həmişə olub. Çünki, Azəristiliyin qazanxanaları daim işləyir. Həm payız-qış mövsümündə, həm də yay mövsümündə qazanxanalar çalışır. Bu qazanxanalar çalışdıqca, hər ay borc yaranır. Bu borclar yarandıqca Azəristilik tərəfindən şübhəsiz ki, ödənilməlidir. Son 5 ildə büdcə ilin axırına Azəristiliyin heç bir borcu qalmayıb. Bu ildə cari borclardır. Bunun ödənilməsi ilə bağlı müəyyən zəruri tədbirlər görülür. Vətəndaşlarımızı bir daha əmin etmək istəyirik ki, iki dövlət qurumu arasında olan borc məsələsinə görə vətəndaşlarımız əziyyət çəkməyəcək”.
Təki belə olsun. Qışın oğlan çağında vətəndaşlar soyuqda qalmasın.
İqtisadçı-Ekspert İlham Şaban isə hesab edir ki, bu borcun yaranmasının bir səbəbi var. O da adıçəkilən qurumun özü-özünü maliyyələşdirə bilməməsidir: “Azəristiliktəchizat”ın ən böyük problemi bundan ibarətdir ki, o yarandığı gündən ancaq və ancaq dövlət büdcəsindən maliyyələşməyə meylli olub. Bir Kommersiya qurumu kimi fəaliyyət göstərməyib. Bu qurum təkcə Bakıda yox, özlərinin saytın da qeyd etdiyi kimi 51 regionda da fəaliyyət göstəriblər. Təbii ki, bu regionlarda əhali üçün yox, əsasən, müxtəlif obyektlərin mərkəzləşdirilmiş qaydada isidilməsi ilə bağlıdır. Vəziyyət bundadır ki, bu cür datasiya ilə 15 ildən artıq gəlib və bundan sonrakı, dövrdə də bu cür fəaliyyət dövlətə lazımdırmı?”
Yeri gəlmişkən qeyd edək ki, “2022-ci il dövlət büdcəsi zərfi haqqında" qanun layihəsinə əsasən gələn il dövlət büdcəsindən "Azəristiliktəchizat" ASC-yə 41,1 milyon manat subsidiya ayrılacaq. Maraqlıdır subsidiyanın artırılması istilik təchizatının keyfiyyətinə necə təsir edəcək? Hər il qış dövründə mərkəzləşdirilmiş istilik sistemindən istifadə edən abonentlər bu subsidiyanın "istisinə" qızına biləcəklərmi? Bax bu sualların cavabına biz artıq gələn qışda cavab tapacağıq.