Vətəndaşlar Ağgöl Milli Parkında balıq tutdu – “AÇIQ QAPI” GÜNÜ

3 mart - Vəhşi təbiətin mühafizəsi günü ilə bağlı bütün milli parklarda “açıq qapı” günü keçirilib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil edilən bu aksiya çərçivəsində ziyarətçilər giriş haqqından da azad edilib. 

 

Ağgöl Milli Parkına üz tutan ziyarətçilər də bu haqlarından istifadə ediblər. Kimisi balıq tutub, kimisi isə təbiəti seyr edib.

 

- “İş vaxtından sonra gəlirik. Park rəhbərliyinə təşəkkür edirik ki, bizə belə şərait yaradıblar. Gəlib burda asudə vaxtımızı keçiririk”. 

 

Qeyd edək ki, ölkədə ən məşhur çöl-göl ekosistemi olan Ağgöl Milli Parkı Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmiş quşların məskunlaşdığı ərazilərdəndir.

 

Ağgöl Milli Parkının direktor müavini Loğman Mehdiyev deyir ki, burada 20 növ balıq var: “Ağgöl Milli Parkının təbiəti çox zəngindir. Müxtəlif dövrlərdə aparılan araşdırmalardan məlum olub ki, təxminən 20 növ balıq var, 4 növ suda-quruda yaşayan canlı var, 16 növ sürünən, 100-dən çox bitki növü və 300-dək quş növü var. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Kitab”ına düşmüş 72 quş növündən 36-sı Ağ göl Milli Parkında qeydə alınıb.

 

Dəniz səviyyəsindən aşağıda yerləşən Ağgöl əsasən Kür və Araz çaylarının mütəmadi daşqınları nəticəsində yaranıb. Hazırda parka gələn ziyarətçilərin sayı günü-gündən artır. Ziyarətçilər parkın ərazində fəaliyyət göstərən muzeydə, şəkillərdə və ya maketlərdə gördüyü bütün canlıları burada canlı şəkildə görə bilərlər.

 

- “Biz müxtəlif dövrlərdə Milli Parkın ərazisinə 21 ədəd ceyran buraxmışıq. Görülmüş mühafizə işləri nəticəsində onların sayı 60-dan çoxdur. Gələn turistlər böyük maraq göstərirlər. Turistlərin marağını artırmaq məqsədilə müşahidə postları qurulub. 3 yerdə qamışlardan inşa olunmuş gizli otaqlardır. Yerli şərait nəzərə alınaraq düzəldilib. Turistlər o otaqlardan təbiəti canlı izləmək imkanı qazanıb. 

 

Qeyd edək ki, ölkəmizdə 10 milli park var. Bunlar Abşeron, Altıağac, Şahdağ, Samur-Yalama, Şirvan, Hirkan, Ağgöl, Göygöl, Qızılağac və Zəngəzur Milli parklarıdır. “Açıq qapı” günlərinin təşkil olunması, milli parkların turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etmək məqsədi daşıyır.

Müəllif | Apa.Tv
Apa.tv