Vətəndaşlar aviabiletlərə ödədikləri pulu geri ala biləcəklər? - ARAŞDIRMA
Koronavirus pandemiyası ilə bağlı Azərbaycan da daxil olmaqla əksər ölkələr sərhədlərini bağlayıb. Bu isə karantin bitənə qədər aviaşirkətlərin xarici ölkələrə uçuşları ləğv etməsinə səbəb olub.
APA TV xəbər verir ki, aviaşirkətlərin uçuşları təxirə salmağı isə virusdan əvvəl yer bron edərək səfər biletləri alan həmsöhbətimiz Amal kimi bir çox vətəndaşın səyahət xəyallarını suya salıb. Müsahibimiz deyir ki, fevralın 7-də Bakı-Almatı istiqaməti üzrə 7 iyuldan – 5 sentyabr tarixinə qədər ailə üzvləri üçün 1500 manatlıq aviabilet alıb. Lakin ölkədə karantin rejimi elan olunduqdan bir müddət sonra Azərbaycanda hava uçuşlarının tam şəkildə dayandırılması səbəbindən onun səyahəti təxirə salınıb. Onun sözlərinə görə, sərhədlərin bağlanmasından artıq 8 aya yaxın bir vaxt keçsə də bilet üçün ödədiyi pulu geri ala bilmir:
“İstənilən bir məsələdə bilinəndə ki, uçuş olmayacaq, pulların qaytarılmalı olduğunu düşünürəm. Bu barədə konkret açıqlama da verilmir. Bir-iki dəfə müraciət etmişik. (stık) Nəhayət bir müddət əvvəl bizə email adresi verdilər ki, müraciətinizi ora göndərin və göndərdik. (stık) Bizə belə cavab gəldi ki, biletin tarixini dəyişə və yaxud ödədiyiniz məbləğ qədər vauçer götürə bilərik. Nə vaxtsa biz onun vasitəsilə AZAL-dan yenidən bilet alaq. Axı bilmirəm ki, karantindən sonra Bakı-Almatı reysi yenə də eyni qiymətə olacaq ya yox”.
Müsahibimiz deyir ki, bron etdikləri tarixi 2021-ci ilin eyni günlərinə dəyişdirmək istəyib. AZAL isə cavabında yalnız həmin ilin mart ayından sonra müraciətin mümkün olduğunu və bu zaman aviabiletlərin dəyişdirilməsinin mümkün olduğunu qeyd edib.
Digər müsahibimiz Günay xanım da bu ilin yanvarında onlayn qaydada “Buta Airways” aviaşirkətindən 4 nəfərlik bilet aldıqlarını deyir. Lakin sərhədlərin bağlanması onun da səyahət arzusunu suya düşürüb. Biletlər üçün ödədiyi pulunu geri istəyəndə isə ona heç bir məlumat verilməyib:
“Uçuşumuz avqust ayının 18-nə, geri dönüşümüz isə 2 sentyabra nəzərdə tutulmuşdu. Bu biletlərə görə, 1037 manat ödəniş etmişdik. Təəssüf ki, “Buta Airways”dən uçuşumuz mümkün olmadı. Çünki bütün uçuşlarını ləğv edib. Hazırda aviaşirkət uçuşların bərpası və yaxud pulun geri qaytarılması ilə bağlı heç bir məlumat vermir. Biletlərimizin AZAL-a dəyişdirilməsi isə mümkün deyil. “Buta Airways” AZAL-la heç bir bağlılıqlarının olmadığını deyir. Onu da deyim ki, bu zaman qədər müştərilər “Buta Airways” -ə sırf AZAL-la bağlı olduqları üçün etibar edirdi”.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ekspertlər şurasının sədri
Göydəniz Qəhrəmanov isə bildirir ki, müştərilər heç bir halda narahat olmasınlar. Onlar biletlərini ya vauçer, ya da pul şəklində gec-tez əldə edəcək və itkiləri olmayacaq:
“Bir çox hava yolları pulun əvəzinə müştərilərə vauçerlər təqdim edir. Bu təcrübə hazırda dünyada davam edir. Bu nə deməkdir? Gələcəkdə eyni hava yolları üzrə müştərilər digər uçuşlardan istifadə edəcəklərsə, bu vauçerləri pul yerinə həmin hava yollarına təqdim edəcək və yeni aviabilet əldə edə biləcəklər”.
Sədrin sözlərinə görə, hər bir hava yolları müştərilərə öz təkliflərini irəli sürür. Elələri var ki, artıq pulların qaytarılması işinə başlayıb. Bu işi görə bilməyənlər üçün də həmin əməliyyat vaxt tələb edir. Bunun üçün də hər iki tərəf qarşılıqlı anlayış göstərməlidir.
Məsələ ilə bağlı AZAL-la əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Azərbaycan Hava Yolları aviaşirkəti 25 oktyabr 2020-ci il tarixinədək əldə edilmiş aviabiletlərin ödənişsiz yenidən təxsis edilmə imkanını təqdim edir:
“Alternativ olaraq biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən 2 il ərzində istifadə etmək mümkündür. Vauçer AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır”.
Bundan başqa, sərnişin qeyd olunan şərtlərlə razılaşmadığı təqdirdə aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini növbəli şəkildə qaytarmağa hazırdır.
Amma sosial şəbəkələrdə yazılan narazılıqlar göstərir ki, vətəndaşlar növbəti ilin istirahətini gözləməkdənsə ödədikləri pulu geri almağa üstünlük verirlər. Onların bu istəkləri isə hələ ki, arzu olaraq qalıb.
Hər halda təhlükəsiz və sağlam uçuş etmək daha yaxşıdır. Tezliklə bu sözü eşitmək diləyilə: “Sizə xoş və rahat uçuş arzulayırıq!”
Elvin Paşazadə,
Faiq Həsənov,
APA TV