20:21 25 may 2023 367
Ana səhifə Xəbərlər

Vətəndaşlar əmanətlərini banklara niyə qısamüddətli etibar edirlər?

Azərbaycanda əhalinin banklara qoyduğu əmanət pullarının həcmi davamlı artsa da, həmin vəsaitlər daha çox qısa müddətlik qoyulur.

Mərkəzi Bankın verdiyi məlumata əsasən, banklarda 12,212 milyard manat dəyərində fiziki şəxslərə məxsus əmanət var. Əmanətlərin həcmi son 1 ayda 248 milyon manat (2 faiz), son bir ildə 1,697 milyard manat (16,13 faiz) artıb. 

 

2017-ci illə müqayisə etsək, görərik ki, son 6 ildə əmanətlərin məbləği 4,65 milyard manat (61,5 faiz) artıb. Bu müddətdə qısamüddətli əmanətlər 74 faizdən çox (4,1 milyard manat) artdığı halda uzunmüddətli əmanətlər 27 faiz (547 milyon manat) artıb. Qısamüddətli əmanətlərin həcmində artım uzunmüddətli əmanətlərlə müqayisədə 7,5 dəfə çox olub.


İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, əhalinin qısamüddətli yatırım etməsinə əsas səbəblərdən biri bank sektoruna güvənin qismən aşağı olmasıdır. Çünki vətəndaşlar uzunmüddətli dövr üçün proqnozlaşdırma apara bilmir, bu halda isə ehtiyatlı və qısamüddətlik investisiya yatırır.

Ekspert qeyd edib ki, əhalini narahat edən digər səbəb isə əldə olunan gəlirin proqnozlaşdırma imkanının məhdudluğudur.

İqtisadçı onu da bildirib ki, 2015-ci ildən sonra ölkə ərazisində 43 bankdan 24-nün bağlanması və son vaxtlar bu halın sürətli müşahidə edilməsi də insanların daha ehtiyatlı davranmasına səbəb olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın