Vətəndaşlardan hədə-qorxu ilə 30 min manata yaxın pul alan şəxslər tutuldu

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən dəstə üzvləri saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə naməlum şəxslərin Sumqayıt şəhər sakini Nemət Rəhimovdan hədə-qorxu ilə 13400 manat, Biləsuvar rayon sakini Niyaməddin Abbasovdan isə 15000 manat pul tələb etməsi barədə məlumat daxil olub.

 

Həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən məbləğdə pul vəsaitlərini alan dəstə üzvləri, əvvəllər məhkum olunmuş, Ağstafa rayon sakini Cavid Həsənov və Biləsuvar rayon sakini Vasif Bağışov tutulublar. Onlar istintaqa verdikləri ifadələrində etdikləri cinayəti etiraf ediblər.

 

Keçirilən digər əməliyyat zamanı Bakı şəhər sakini olan bir qadına hədə-qorxu gələrək ondan pul tələb edən Sumqayıt şəhər sakini Teymur Sadiqi-Raşidi saxlanılıb. O, şantaj etdiyi qadından 1000 manat alan zaman Baş İdarənin əməkdaşları tərəfindən tutulub.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv