Vətəndaşları aldadıb kartlarındakı pulu öz kartına köçürdü

Vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-yə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından pul oğurlayan rayon sakini Akif İbrahimov saxlanılıb.

 

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu bildirib.

 

İstintaq zamanı məlum olub ki, Akif İbrahimov rayon ərazisində yerləşən bankomatların qarşısında dayanaraq əvvəlcə ondan kömək istəyən şəxslərin kart məlumatlarını əldə edib, daha sonra isə zərərçəkənlərə kartlarında pul olmadığı bildirib. Zərərçəkmişlər oradan uzaqlaşdıqdan sonra isə həmin kart məlumatlarını öz mobil telefonuna əlavə edərək, kartların balansında olan pul vəsaitlərini istifadəsində olan başqa bir karta köçürərək vətəndaşların pullarını ələ keçirib.

 

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Müəllif | Apa.Tv
Apa.tv