Vətəndaşların İcbari Tibbi Sığortadan istifadəsi asanlaşır

"MyGov" elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub".

 

APA TV-nin verdiyi məlumata görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və innovasiyalar idarəsinin rəhbəri Ramil Mehdiyev deyib.

 

Onun sözlərinə görə, vətəndaşlar bundan sora tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri "MyGov" portalında, "Sığortaolunanın Tibbi Kabineti"nə daxil olaraq  izləyə biləcəklər: “Məlumatlar iki istiqamətdə olacaq. Birinci istiqamət sığortadır. Burada maliyyə və  sığorta haqqında məlumatlar yer alacaq. Aprel ayına nəzərdə tutulan sığorta haqları da burada öz əksini tapacaq. İkinci isə tibb istiqamətidir. Hazırda icbari tibbi sığorta Azərbaycanın 23 inzibati ərazisində tətbiq olunur. Vətəndaşlar bu bölgələrin istənilən tibb müəssisəsinə müraciət etdikdən sonra,  şəxsi kabinetdə bu müraciətlərin tarixçələrini görə bilərlər. Burada müraciətin qeydiyyatı, tarixi, həkim, diaqnoz və müayinələr haqqında məlumatlar öz əksini tapacaq”.

 

Ramil Mehdiyev deyir ki, bunun üçün "MyGov" portalında qeydiyyatdan keçən vətəndaş öz profilinə daxil olaraq "Qurumlar üzrə" bölməsini, daha sonra isə Agentliyin adına daxil olaraq "Sığortaolunanın Tibbi Kabineti" xidmətini seçməlidir.

 

Qeyd edək ki, hazırda kabinetin istifadə imkanlarının və səmərəliliyinin artırılması istiqamətində işlər davam etdirilir.

 

Növbəti illərdə "Şəxsi Kabinet" vasitəsilə həyata keçirilən əməliyyatların sayı artırılacaq.

 

Səfər Əlizadə

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv