Vidadi Muradovun cinayət işinə xitam verildi

"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA TV-nin xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhum Vidadi Muradovun vəkili Vüqar Babayev müdafiə çıxışı edib.

 

Vəkil Vidadi Muradova verilmiş ittihamlarla razı olmadıqlarını deyib. O, təqsirləndirilən şəxsin cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edib.

 

Prosesdə hökm oxunub. Hökmə əsasən, Vidadi Muradov verilmiş maddələrlə təqsirli bilinib. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vəfat etdiyi üçün ona cəza təyin edilməyərək, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

 

Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 min 922 manat məbləğində mülki iddia təmin edilməli, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir.

 

Hökmə əsasən, V. Muradovun Həsən Əliyev küçəsindəki evinin üzərindən həbs götürülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv