Videosu “casus” deyə paylaşılan Əziz əslində kimdir?
Ötən gün Ukraynanın Xarkov şəhərində soydaşımızın əsir götürülməsi ilə bağlı görüntülər yayıldı. Videodakı şəxs adının Əziz Haqverdiyev olduğunu, Bakıda doğulduğunu söylədi. Erməni teleqram kanallarında isə Əziz Rusiya tərəfindən döyüşən azərbaycanlı casus kimi təqdim olundu. Təəssüf ki, bu məlumat sosial şəbəkələrin Azərbaycan seqmentində də bəzi istifadəçilər tərəfindən araşdırılmadan, dəqiqləşdirilmədən paylaşıldı.
31 yaşlı Əziz Haqverdiyevin ailəsi ilə Bakıda görüşdük. Bizi atası Bədirxan Haqverdiyev qarşıladı. Əslən Ermənistanın Ağbaba mahalından olan Haqverdiyevlər ailəsinin 3 övladı var.. Əziz ailənin ilk övladıdır.
Əzizin atası Bədirxan Haqverdiyev deyir ki, Əziz Ukraynaya təhsilinin dalınca getmişdi: “Orda Fövqəladə Hallar üzrə təhsil alırdı. Burdan göndərilməmişdi. Özü təhsil üçün oranı seçmişdi. Düz 5 ildir qiyabi təhsil alır. Hər il təhsil vaxtı da oxumağa gedir. Ötən ilin fevral ayının 22-də getdi. Sonuncu il idi. Diplomunu alıb qayıtmalıydı. Kəsirləri olduğundan diplomunu ala bilmədi. Mən çağırdım ki, qayıt. Dedi ki, əziyyət çəkmişəm, diplomumu alıb qayıdacam”.
Atası deyir ki, düz bir ildir Xarkovda yaşayan və təhsil alan həmyerlimiz ailəsi ilə sonuncu dəfə bu il fevralın 15 və 17-də danışıb: “Dedim gəl, orda vəziyyət gərginləşir. Siz görmürsünüz, uzaqdan hər şey görünür. Ruslar ora girəcək, vaxtında çıx oradan. Razılaşdı, dediyi vaxta biletini də aldıq, “Covid” testini vermədiyindən uçuşa gecikdi və bileti də yandı. Hava limanından elə Xarkova qayıtdı. Ondan sonra onunla danışmamışam, qardaşı ilə danışıb, xərclik istəyib. Qardaşı da pul göndərib, mənə deməyə utanıblar”.
Əziz fevralın 21-də qardaşına zəng edib və pulu aldığını deyib. Atası deyir ki, Xarkovda kirayə qalırmış. İşləmirmiş. Hər ayın 15-də kirayə pulunu evdən göndərirlərmiş. Təbiətcə sakit uşaq olduğunu deyir atası. Sonuncu videonu onlar da sosial şəbəkələrdə görüb. Ailəsi indi çox nigarandır. Ailəyə deyilib ki, Əziz üz-gözündən yara alıb, xəstəxanadadır: Qardaşı Livovdan olan könülllülərlə əlaqə saxlayıb. Bu gün ailə Xarici İşlər Nazirliyinə gedib, Qırmızı Xaç Cəmiyyətinə müraciət edib. Bundan başqa, Haqverdiyevlər ailəsi Ukraynanın Bakıdakı səfirliyində də olublar. Səfirlik ailə ilə görüşməyib, bildirilib ki, onlar yalnız öz vətəndaşları ilə bağlı məlumat almaq üçün çalışırlar.
Anası Ülkər Haqverdiyeva deyir ki, oğlu Xarkovda Vətəndaş Müdafiəsi Milli Universitetinin Fövqəladə Hallar fakültəsində oxuyurdu: “Razılığımla getmişdi təhsil almağa da. Özü də gəlməyə hazırlaşırdı. Video müraciətində “anana salam göndər” deyirlər? O, isə cavabında “Ana, bağışla” deyir”.
- Nə üçün sizdən bağışlanmağını istəyir?
- Mən ona dedim axı vəziyyət çətinləşir gəl. Bileti “Covid” testinə görə batdı. Bu gün, elə bu dəqiqələrdə oğlum “İnstagram” üzərindən ordakı həmyerlilərimizlə və bir jurnalist qızla əlaqə saxlayıb. Elə indi öyrəndik ki, komendant saatı elan olunduqdan sonra 10-15 gənc bayıra çıxıb. Rus əsgərləri tərəfindən saxlanılıblar və onlarla birlikdədir. Əzizgil müqavimət göstəriblər. Hazırda araşdırırlar, kəşfiyyat araşdırır, hazırda xəstəxanada deyil”.
Beləliklə Haqverdiyevlər ailəsinə övladları Əzizlə bağlı məlumat verən livovlu jurnalist Aleksandra Stefaininlə əlaqə saxladıq: “Biz burda olan xarici vətəndaşlarla bağlı məlumat toplayırıq. Həm rus əsgərləri tərəfindən saxlanılan vətəndaşlarımızla, həm də xarici vətəndaşların kimliyi ilə maraqlanırıq. Saxlanılanlardan biri də Əzizdir. Məlumat dəqiqdir. Çünki onun pasportunun da şəkli var. Hazırda Ukrayna Müdafiə Nazirliyi bununla bağlı araşdırmalar aparır. Saxlanılanlar heç nədə ittiham olunmur. Məlumatımız ondan ibarətdir ki, onlar mülki geyimdə olublar”.
İndi Haqverdiyevlər ailəsi Azərbaycan Xarici İşlər Nazirliyindən cavab gözləyir.
Sevinc Vaqifqızı,
Ceyhun Mustafayev,
APA TV