Vilayət Eyvazov DİN-də geniş Kollegiya iclası keçirdi

Yanvarın 22-də Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, 2019-cu ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı sabit qalaraq 265 fakt təşkil edib.

 

Nazir qeyd edib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanıb məhv edilib.

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi demokratik islahatların, böyük infrastruktur layihələrinin, sosial yönümlü proqramların uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

 

Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Fazil Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Oqtay Kərimov, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev və başqaları hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı planlaşdırılan konkret tədbirlərdən danışıblar.

 

İclasa yekun vuran Daxili İşlər naziri Vilayət Eyvazov tədbir iştirakçılarının diqqətini qarşıda duran vəzifələrə yönəldərək konkret tapşırıq və tövsiyələrini verib, nazirlik sistemində maddi texniki təminatın, xidmət şəraitinin daha da yaxşılaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi, sosial müdafiə işinin gücləndirilməsi üçün dövlət tərəfindən hərtərəfli köməklik göstərildiyini məmnunluqla qeyd edərək, bu ali diqqətə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, qanunla müəyyən olunmuş vəzifələr bundan sonra da tam yerinə yetiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv