"VÖEN-i passiv olanlar üçün birdəfəlik ödəmə alınmasında məhdudiyyət yoxdur" - RƏSMİ

Koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan və adına VÖEN olan şəxslərə birdəfəlik müavinətlərin verilməsindən imtina edilməsi bəzi anlaşılmazlıqlar yaradıb.

APA TV-nin xəbərinə görə, məsələyə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov aydınlıq gətirib.

Onun sözlərinə görə, VÖEN hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. Nazirlər Kabinetinin koronavirus pandemiyası dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına əsasən, birdəfəlik sosial yardımdan imtina olunmasının bəzi şərtləri mövcuddur. Bunlardan biri şəxsin, yaxud onun əri və ya arvadının sahibkar kimi aktiv VÖEN-ə sahib olmasıdır: “Fəaliyyətini dayandırmış, yəni VÖEN-i passiv olan fiziki şəxslər birdəfəlik ödəmənin alınması üçün müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər. Birdəfəlik ödəmələrin verilməsi üçün fiziki şəxsin adına olan passiv VÖEN-in ləğvini tələb etməyin heç bir hüquqi əsası yoxdur. Vətəndaşın VÖEN-inin olması onun avtomatik olaraq gəlir, qazanc əldə etməsi kimi başa düşülməməlidir. Bunun üçün fəaliyyət göstərmək, işləmək lazımdır. Yardım və ya ödəniş verilərkən onu almaq istəyən şəxsin hansısa sənədinin və ya nömrəsinin olub-olmaması yox, onun gəlirinin, qazancının olub-olmaması, aztəminatlı olub-olmaması əsas kimi götürülməlidir”.

İdarə rəisi dövlət dəstəyi çərçivəsində fərdi sahibkarların muzdlu işçilərinə ödədikləri əməkhaqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi sahibkarlara isə birbaşa maliyyə dəstəyi göstərilməsi barədə də məlumat verib: “Bu günə qədər 200 mindən çox fərdi sahibkar və muzdlu işçi bu proqramdan yararlanıb. Onu da əlavə edim ki, bir sıra sahibkarlar maliyyə dəstəyi proqramına qoşulmaq üçün İnternet Vergi İdarəsində olan şəxsi kabinetlərində yaradılmış müvafiq ərizə formasını doldurub göndərmək əvəzinə, maliyyə dəstəyi almaq üçün İqtisadiyyat Nazirliyinə və Dövlət Vergi Xidmətinə məktubla müraciət edirlər. Bir daha sahibkarların nəzərinə çatdırılır ki, onlar İnternet Vergi İdarəsində olan şəxsi kabinetlərinə daxil olmaqla müvafiq ərizə formasını dolduraraq təqdim etməlidirlər”.

Namiq Dərgahovun sözlərinə görə, həmin müraciətlər araşdırıldıqdan sonra göstəriciləri Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə uyğun gələn vergi ödəyicilərinə ödənişlərin həyata keçirilməsi təmin olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv