Vüqar Bayramov: “Koronavirus daxili turizmin inkişafına təkan verəcək”
“Koronavirusun dünyada yayılması Azərbaycanda daxili turizmi inkişaf etdirmək üçün zəmin formalaşdırır”.
Bunu APA TV-yə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Avropa Birliyi daxil olmaqla aparıcı qitə və ölkələrdə ümumi turizmin gəlirlərinin 80%-i daxili turizmin payına düşür. Ona görə də bunun inkişaf etdirilməsi önəmli faktdır.
2019-cu ildə Azərbaycana gələn turistlərin sayı 3,1 milyon nəfər olduğu halda, ölkədən xarici dövlətlərə gedən turistlərin sayı 5,4 milyon nəfər təşkil edir.
Millət Vəkili Vüqar Bayramov deyir ki, hazırda isə xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayında azalma müşahidə edilir: “Bu isə onu deməyə əsas verir ki, xaricə üz tutmaq istəyən turistlər istirahətlərini məhz ölkəmizdə keçirməyə üstünlük verəcəklər. Bu zaman ölkədən gedən vəsait ölkədə qalacaq. Beləliklə daxili turizmi inkişaf etdirməklə ölkəyə gələn turistlərin sayından yaranan zərərin kompensasiya edilməsi mümkündür”.
Vüqar Bayramov deyir ki, ilkin qiymətləndirmələrə görə, 2020-ci ildə koronavirusun təsiri baxımından dünya turizm sektoru 22 milyard dollar ziyanla üzləşəcək. Hazırda dünyanın ən aparıcı turistik zonalarında belə əvvəlki dövrlərdə rezerv edilmiş kompaniyaların ləğvi həyata keçirilir. Eyni zamanda bir sıra aparıcı avia-kompaniyalar reyslərin sayını azaldıb və ya təxirə salıb.
Vüqar Bayramovun sözlərinə görə, bu ümumilikdə turizmə mənfi təsir göstərir: “2019-cu ilin mart ayında İrandan gələn turistlərin sayı 35 min nəfər idi. Əvvəlki illərdə bu rəqəm 70 min nəfərə də çatırdı. Güman edirik ki, İrandan gələn turistlərin sayı minimum olacaq”.
Vüqar Bayramov bir neçə ay öncədən rezerv edilmiş səyahətlərin ləğv edilməsi zamanı hər hansı çətinliyin yarana biləcəyinə də aydınlıq gətirdi. Deputat deyir ki, hazırda Azərbaycanlı turistlər xaricdə bron etdirdikləri bir sıra turları ləğv etdirməyə start veriblər. Bu əsasən yaxın tarixlərə aiddir. Lakin gələcəkdə yay ayları üçün də rezerv edilmiş biletlərin qaytarılacağı gözlənilir. Hazırda aparılan monitorinqin nəticələrinə əsaslanaraq deyə bilərik ki, alınmış biletlərin və ya rezerv edilmiş tur paketlərin geri qaytarılması üçün hər hansı bir narazılıqlar və ya problemlər mövcud deyil. Çünki, bəzi rezervlərin cərimə ödənilmədən ləğv edilməsi mümkündür.
İlahə Vəliyeva Musa Qulammirzəyev APA TV