Vüsal Hüseynov: “Ölkədə olma müddəti bitən əcnəbilərin icazələri özləri müraciət etmədən uzadılıb”
“Azərbaycan ərazisində olan və koronavirusla bağlı məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılıb”.
APA TV-nin xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında bildirib. Onun sözlərinə görə, müddət mayın 31-nə qədər avtomatik uzadılıb: “May ayından sonra ikinci müddətin uzadılması məsələsi də aktuallaşdığından razılaşdırılmış qaydada qərar qəbul edildi ki, əcnəbilər giriş-çıxış bərpa olunana qədər ölkədə yaşaya bilərlər. Bir dəfə 60 gün müddəti uzadılan şəxslərin müddəti yenə uzadılıb”.
Vüsal Hüseynov bildirib ki, dövlət sərhədində tətbiq olunan məhdudiyyətlər aradan qaldırılandan sonra həmin əcnəbilərin hansı müddətdə ölkəni tərk etmələri barədə qərar veriləcək.
Xidmət rəisi onu da qeyd edib ki, müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə müddətin uzadılması üçün rüsum 1 ay üçün 30, 2 ay üçün 60, yetkinlik yaşına çatmayanlar üçün 15 manatdır. Onun sözlərinə görə, bu dönəmlərdə ikinci müddət bitəndən sonra həmin şəxslər üçün rüsum ödənişi və müraciət tələb edilmir.
2020-ci il 1 yanvar tarixindən bu günə qədər keçən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərin sayında azalma olduğunu deyən Xidmət rəisi onu da qeyd edib ki, bu ilin yanvar-fevral ayında 15 faiz artım olub: “Koronavirusa görə sərhədlərin bağlı qalması səbəbindən 44 faiz azalma olub. Hazırda ölkədə 134 mindən çox əcnəbi yaşayır. Əcnəbilər əsasən Rusiya, İran, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşlarıdır. Karantin müddətində Dövlət Miqrasiya Xidmətinin 24 saat fasiləsiz fəaliyyət göstərən 919 Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb. Mart ayından mayın 15-dək Çağrı Mərkəzinə 92 967 zəng daxil olub.”
Vüsal Hüseynov qanunsuz miqrantların karonavirus səbəbindən ölkədə qalması məsələsinə də aydınlıq gətirib. Bildirib ki, hazırda qanunsuz miqrantlar üçün nəzərdə tutulan sığınacaq mərkəzində 42 nəfər saxlanılır. Həmin sığınacaqda saxlanma şəraiti də beynəlxalq tələblərə cavab verir.
İlahə Vəliyeva
APA TV