Vüsal Qasımlı: “Manat avroya nisbətdə bahalaşıb”

“İqtisadi artımın təmin olunmasında əsas rol qeyri-neft sektorunun payına düşür”.

 

APA TV-nin məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarını dəyərləndirərək bildirib ki, cari il Ümumi Daxili Məhsulun (ÜDM) artımında rekord qeydə alınıb: “2019-cu ildə Azərbaycanda ÜDM son 5 ildə ilk dəfə olaraq 2 faizdən çox olub. ÜDM-nin artımında əsas rol qeyri-neft sektoruna aid olmuşdur və qeyri-neft sektoru 2019-cu il ərzində 3,5 faiz artmaqla dünyada orta iqtisadi artım tempini əhəmiyyətli şəkildə üstələyib”.

 

Azərbaycan manatı digər dövlətlərin valyutaları ilə nisbətdə mövqeyini xeyli yaxşılaşdırıb: “2019-cu il ərzində Azərbaycan manatı ABŞ dolları qarşısında öz sabitliyini qoruyub. Bir neçə valyuta, o cümlədən gürcü larisi, türk lirası, avro kimi valyutalara nisbətən Azərbaycan manatı bahalaşıb. Bəzi valyutalara - Ukrayna qrivnası, rus rubluna qarşı isə ucuzlaşıb. Bütövlükdə 2019-cu ildə Azərbaycan manatının sabitliyi qorunub. Bu da Azərbaycanda daha çox makro-iqtisadi sabitliklə bağlı olan bir məsələdir”.

 

İİTKM-nin icraçı direktoru bildirib ki, cari il üçün illik inflyasiya göstəricisi nəzərdə tutulandan xeyli aşağı olub: “2019-cu il ərzində inflyasiya da 2,6 faiz səviyyəsində qeydə alınıb. Bu da hədəf inflyasiya göstəricisindən belə aşağı bir göstəricidir. Manatın sabitliyi və inflyasiyanın hədəf göstəricisindən aşağıda olması bütövlükdə makro-iqtisadi sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayıb”.

 

Daha sonra 2019-cu ilin iqtisadi yekunlarına dair videoçarxın təqdimatı olub.

 

Həmidağa Məcidov, Musa Qulammirzəyev APA TV

Müəllif | Apa.Tv
Apa.tv