“Whatsapp” mesajlarımızı kimə ötürəcək? - ARAŞDIRMA
7 il öncə Mark Zukerberq tərəfindən satın alınmış “Whatsapp” mübadilə sistemi son dövrlərin ən qalmaqallı hadisəsinə imza atmaq üzrədir. Bir səhər oyanıb gördük ki, tətbiq yeni istifadə və gizlilik şərtləri qəbul etməyi planlaşdırır.
APA TV-nin xəbərinə görə, deməli, biz istifadəçilərə təxminən bir vaxt verilir. Ancaq dəyişiklikləri qəbul edib-etməməklə bağlı heç bir lüksümüz yoxdur. Bu müddət, sadəcə, qərar qəbul etməyimizə hesablanıb. Yəni, ya sil, ya da istifadə et. Bəs nədir həmin şərtlər?
Ən lakonik cavab: Artıq üçüncü tərəfin varlığıyla razılaşmalıyıq.
Hazırda bu səsi göndərməyimin səbəbi “Whatsapp” proqramında meydana çıxmış yeni problemdir. Problem ondan ibarətdir ki, artıq bizim yazışmalarımız üçüncü-dördüncü şirkət və ya şəxslərə satıla bilər. Bununla bağlı proqram istifadəçilərinə bildiriş göndərilir və siz həmin şərtləri qəbul etmədikdə, proqramdan istifadə də edə bilmirsiz. Bəs bu nə deməkdir? Hansı riskləri daşıyır? Məsələ həqiqətən də aktualdır.
“Whatsapp”ın etmək istədiyi yenilik paytaxt sakinləri tərəfindən də birmənalı qarşılanmayıb:
- Məncə, yaxşıdır, proqramda yeniliklərin olması çox yaxşıdır. Ancaq əgər dediyiniz kimidirsə, bu yaxşı deyil. Onun üstündə iş görmək lazımdır, mübarizə aparılmalıdır.
- Mənim elə bir gizli söhbətim də yoxdur ki, xarici şirkətə satılsın, ya satılmasın. Mənim üçün bunun əhəmiyyəti yoxdur.
- Kimdir axı mənim yazışmalarımı oxuyan? “Salam-sağol”umu oxuyacaqlar? Narahat eləmir, açığı.
- Bəli, istifadə edirəm. Açığı desəm, mən heç o bildirişə əhəmiyyət vermədim. Çünki “Whatsapp” artıq həyatımızın bir parçasına çevrilib. Çünki istəsələr, hakerlər və digər vasitələrlə məlumatlarımızı əldə edə bilərlər yəni. Heç kim bundan sığortalanmayıb. Onun üçün gərək smartfonları və interneti həyatımızdan çıxaraq.
- Mən artıq “Signal” (Saynl) proqramına başlamışam. İstəmirəm də. Öz istəyimlə. Çünki çox adam imtina elədi. Ya “Telegram”, ya da “Signal” proqramından istifadə edirəm. Votsap təhlükəlidir.
Gündəlik həyatımızın bir parçasına çevrilmiş “Whatsapp” tətbiqinin yeni məxfilik siyasəti artıq bir çox ölkələrdə narazılıqlara səbəb olub. Hətta Qərb mediasının yayımladığı statistik göstəricilərə inansaq, “Whatsapp” ən çox istifadə edilən şəbəkə proqramları siyahısında liderliyi də əldən verib. Görəsən, bütün bu qalmaqalların kökündə insanların məxfiliyə həqiqətən önəm verməsi dayanır, yoxsa gerçəkləri bəyan etmək, sadəcə, hiddətə səbəb olur?
Proqramçı Rəşad Seyfullayevin fikrincə narazılıq məlum şərtlərin qabardılması ilə bağlıdır: “Whatsapp”, sadəcə, bunu ilk dəfə qarşı tərəfə bildirdiyi üçün aqressiyaya səbəb olub. Çünki onlar bu məlumatları öncədən də istifadə edirdi. Üstəlik, dataların emal prosesini təkcə “Whatsapp” yox, digər platformalar da gerçəkləşdirir. Sadəcə, ilk dəfədir ki, bunu cəmiyyətə açıqlayırlar”.
Bəs nədir emal prosesi və bizi nə üçün narahat edir? “Qısa olaraq deyə bilərəm ki, emal prosesi istifadəçinin məlumatlarının analizidir. Müxtəlif məqsədlərlə istifadə oluna bilər. Ancaq bir çoxu “Whatsapp”dan çıxıb “Telegram”a üz tutur, ancaq unudurlar ki, heç bu proqram da çox etibarlı deyil”.
Proqramçının sözlərinə görə, tətbiqin yeni məxfilik siyasətini qəbul etməyən şəxslər bundan şikayət etmək hüququna sahib deyil. Çünki proses hər iki tərəfin razılığı əsasında gerçəkləşir və bu baş vermədikdə, proqram da aktivləşmir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz şəxsi dataların üçüncü tərəflə paylaşılmasının istənilən halda bəyənilmədiyini bildirir. Deyir, fərdi müstəvidə ciddi problem yaratmasa belə, dövlət əhəmiyyətli dataların qorunması cəhətdən “Whatsapp”ın yeni şərtləri riskli hesab oluna bilər: “Daha çox dövlət qurumları üçün risk ola bilər. “Whatsapp”da dövlətin hansısa yazışma qrupları varsa, böyük korporativ şirkətlərin biznes informasiyalarının ələ keçirilməsi cəhətdən bütün bunlar riskdir. Ona görə bu cür qurumların dövlət əhəmiyyətli resursları nəinki “Whatsapp”, ümumən belə messencerlərdə paylaşmaması məsləhətdir. Digər hallarda ciddi bir problem görmürəm”.
Ekspertin sözlərinə əsaslansaq, yeni düzəlişləri “Whatsapp”ın pulsuz istifadə şərtlərinin qarşılığı kimi də qəbul etmək olar. Nəzərə almaq lazımdır ki, biz bu və bənzər platformalara daxil olmaq üçünü heç bir ödəniş etmirik. Rəsmi razılaşmanın niyə məhz indiki dövrə təsadüf etməsinə gəlincə isə, Osman Gündüz məsələni Avropada son zamanlar fərdi məlumatların məxfilik qaydalarının sərtləşdirilməsinə bağlayır: “Düşünürəm ki, əlbəttə bu arzuolunan hal deyildi. Yəni “Whatsapp” qaydalarının mahiyyəti ondan ibarətdir ki, bu messencerdə olan istifadəçilərin dataları həmin messencerin sahibi olan “Facebook”kun resurslarına inteqrasiya oluna bilər. Yəni “Facebook” “Whatsapp”da olan istifadəçilərin datalarından istifadə edəcək, onları emal edəcək. Yəni “Whatsapp” istifadəçilərinin qarşısına gözləmədikləri anda reklamlar çıxa bilər və s”.
Təbii, dünyaca məşhur yazışma proqramından imtina etmək hazırda mümkünsüzə yaxın ehtimaldır. Ancaq əgər Azərbaycanda da bu tip proqramlar istehsal edilsəydi və biz də eynilə Çin əhalisi kimi fərdi məlumatlarımızı yalnız yerli şirkətlərlə paylaşsaydıq, görəsən, indi hazırkı çətinliklərlə üzləşərdikmi? Qeyd edək ki, “Whatsapp”ın məxfilik və istifadə şərtlərinə etdiyi düzəlişlər Avropa ölkələrinə şamil olunmur.
Mir Çingiz Ağazadə,
Musa Qulammirzəyev,
Əli Ələkbər,
APA TV