Xaçmaz sakinindən 140 kq çətənə kolu aşkarlandı - İŞ BAŞINDA YAXALANIB
Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Nərəcan kəndi ərazisində meşəlik sahədə külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub.
DİN mətbuat xidmətindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb.
Həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakini Azad Cəbiyev iş başında, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıb. Onun çətənə kollarını əkdiyi sahəyə baxış zamanı ümumi çəkisi 140 kiloqram olan 97 ədəd narkotik tərkibli çətənə bitkisi, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 4 ədəd patron aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb. Azad Cəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.