Xaçmaz və Lənkəranda şəhidlər dəfn edildi
13 sentyabrda erməni təxribatının qarşısını alarkən şəhid olan Əhədzadə Xəyal Əlövsət oğlu Lənkəranda dəfn olunub.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə şəhid, doğulduğu Nərimanabad qəsəbəsində torpağa tapşırılıb. Dəfn mərasimində, rayon rəhbərliyi, Lənkəran sakinləri və N saylı hərbi hissənin zabit - əsgər heyəti iştirak edib. Dəfn mərasimindən sonra üç rəngli bayrağımız şəhidin atası Əlövsət Əhədova təqdim edilib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş gizir Elnur Rüstəmov dəfn olunub.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, şəhidin nəşi Xaçmaz rayonuna gətirilib. O, rayonun Əbilyatağı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Rövşən Almazoğlu, İlkin Rzayev, Vəli Turan, Rizvan Hacıyev, APA TV