Xaçmazda 124 il əvvəl inşa edilən memarlıq incisi - HƏM TARİXİ ABİDƏDİR, HƏM VAĞZAL
Xaçmaz rayonunun mərkəzində 124 il əvvəl inşa edilən vağzal binası bu gün də dəmiryol nəqliyyatında öz əhəmiyyətini qoruyub saxlayır.
APA TV-nin yerli bürosunun məlumatına görə, memarlığı ilə seçilən bina yerli əhəmiyyətli tarixi abidələr siyahısındadır.
XIX əsrin ikinci yarısında Qafqazdakı təbii zənginliklərin Rusiyaya daşınması üçün əlverişli və sürətli nəqliyyat vasitəsinə böyük ehtiyac yaranıb.
Vladiqafqaz dəmiryol xəttinin çəkilişinə 1898-ci ildə başlanılıb və 1902-ci ildə başa çatıb. Müəyyən tamamlama işləri 1915-ci ilədək davam edib. İngilis və alman mütəxəssislərin iştirakı ilə həyata keçirilən tikintidə yerli əhali də yaxından iştirak edib. İndiki Xaçmaz və Xudat şəhəri eləcə də Yalama, Ləcət, Qusarçay, Çarxı kəndləri ərazisində xüsusi memarlıq üslubuna malik vağzal binaları tikilərək istifadəyə verilib. Bu binaların hamısı indi tarixi abidə kimi qorunur.
Xaçmaz Dəmiryol Stansiyasının özünəməxsus memarlıq üslubu rejissorların da diqqətindən kənar qalmayıb. Burada bir sıra məşhur Azərbaycan filmlərinin səhnələri lentə alınıb. Bu bədii filmlər arasında ən populyarı 1977-ci ildə rejissor Arif Babayev tərəfindən ekranlaşdırılan “Arxadan vurulan zərbə” filmidir.
XX əsrin əvvəllərində böyük su sıxıntısı yaşayan Abşeron yarımadasına və kapitalizmin sürətlə inkişaf etdiyi, getdikcə böyüyən neft şəhəri Bakıya içməli su məhz bu dəmiryolu vasitəsilə yollanırdı. Şirin sulu bulaqlarla zəngin olan Xaçmazdan toplanan su əvvəlcə stansiyadakı su anbarına, oradan isə sisternlərə doldurularaq paytaxta göndərilirdi.
Qeyd edək ki, Xaçmaz Dəmiryol Stansiyasından bu gün də bir sıra ölkələrinə yük daşımaları həyata keçirilir.
Vəli Turan, Rizvan Hacıyev, APA TV