Xaçmazda əyləncə məclisi təşkil edənlər cərimələndi
Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə iyunun 14-dən 15-ə keçən gecə xüsusi karantin rejimi qaydalarını pozaraq, rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində əyləncə məclisi təşkil edən 11 nəfər şəxs məsuliyyətə cəlb olunublar.
Qaydanı pozan Aygün Məmmədova əməlindən peşman olduğunu deyir: “Təbii ki, peşmanam. 3 günlük istirahətə gəlmişdik, axşam oturub yeyib-içdik. Mahnı səsi eşitdik və getdik istirahət eləməyə. Karantin qaydalarını pozduğumuza görə peşmanıq. 10-15 nəfər rəqs edirdi bir yerdə. Polis gəldi və biz başa düşdük ki, düz eləməmişik”.
Teymur Məmmədov da yeyib-içməyə gəldiklərini, bundan sonra isə əylənmək üçün diskotekaya düşdüklərini bildirir: “Yeyib-içməyə gəlmişdik. Sonra düşdük diskotekaya. Toplu şəkildə rəqs etdiyimiz üçün polis əməkdaşları yaxınlaşıb bizə xəbərdarlıq elədi ki, olmaz. Bizi polis bölməsinə gətirdilər. Hamını da qaydalara əməl etməyə çağırıram”.
Günel Abdullayeva da əməlindən peşmandır: “Nabranda dincəlirdim, musiqi səsi eşitdim. Gedib toplu şəkildə rəqs elədim və peşmanam”.
Babək Cəfərli isə obyekti işlətdiyini həm də orada DJ işlədiyini qeyd edir: “Parti təşkil elədik və müştərilər rəqs elədilər. Karantini rejimini pozduğumuza görə polis gəldi və obyekti bağladılar”.
Qeyd edək ki, xüsusi karantin rejimi qaydalarını pozan obyektin fəaliyyəti dayandırılıb, obyekt sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.