Xaçmazda karantin qaydalarına əməl etməyənlər cərimələndi
Xaçmaz rayonunda karonavirus pandemiyasına qarşı profilaktiki tədbirlər davam etdirilir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu məqsədlə DİN-nin əməkdaşları tərəfindən Xaçmaz şəhəri ərazisində növbəti reyd keçirilib. Reyd daha çox qapalı məkanları əhatə edib və bəzi vətəndaşların pandemiya qaydalarını pozaraq tibbi maskadan istifadə etməməsi halları aşkar edilib.
Digər qapalı məkanlarla müqayisədə marketlərdə pandemiya qaydalarının pozulmasına az rast gəlinib. Maketlərdən bunu tətbiq olunan sərt qaydalarla izah edirlər.
Reyd zamanı Xaçmaz RPŞ əməkdaşları pandemiya qaydalarına əməl etməyən şəxslərə xəbərdarlıq edib. Onlara qaydalara əməl edilməyin vacibliyi barədə məlumat verilib. Həmçinin bir neçə şəxs barəsində inzibati tədbir görülüb.
Xaçmaz RPŞ-nin baş inspektoru Ülfan Əhmədov bildirib ki, ölkəmizin iki cəbhədə savaşdığı bu günlərdə hər kəs daha məsuliyyətli olmalıdır.
Rayon polis şöbəsindən verilən məlumata görə, karonavirusa yoluxanların sayı minimuma enənədək rayonda profilaktiki tədbirlər davam etdiriləcək.