Xaçmazda keçmiş məhkumdan 50 kq narkotik götürüldü
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mirzəməmməd kənd sakini, əvvəllər qəsdən adam öldürməyə görə həbs olunmuş 42 yaşlı Zabit Mehrəliyev şübhəli şəxs qismində yaşadığı evin yaxınlığında saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman böyük həcmdə narkotik aşkar edilib. Polis əməkdaşları tərəfindən oradan təmiz çəkisi 50 kiloqrama yaxın 205 ədəd kibrit qutusunda və 63 ədəd sellofan və kağız bükümlərdə satış üçün qablaşdırılmış qurudulmuş marixuana, 12 kisədə hündürlüyü 100-220 sm olan bütöv halda olan çətənə bitkiləri və həmin bitkilərinin toxumları, eləcə də bir ədəd elektron tərəzi maddi sübut kimi götürülüb.
“2001-ci ildə məhkumluq həyatı yaşamışam, 2015-ci ildə çıxmışam. 2018-ci ildə kəndin yaxınlığındakı meşə ərazində gəzəndə 2-3 dənə çətənə kolları tapdım, üstündə tumları var idi. Həmin tumları tapdığım yerə səpmişdim. 2019-cu ildə gedib baxanda gördüm ki, çıxıb. Sonra bir-iki dəfə gedib baxdım, avqustda da gedib yığıb gətirdim evə, qurudu qaldı. Sonra vaxtım olduqca təmizləyib yığdım, sellofan paketlərə və qutulara. Özüm də istifadə eləmişəm, bir-iki dost-tanış da istəyib, onlara da vermişəm. Bir də istəyən olsa, sataram. Əməlimdən peşmanam”.
Dindirilmə zamanı Z.Mehrəliyev narkotik tərkibli bitkiləri yaşadığı kəndin yaxınlığında yerləşən meşəlik ərazidə yetişdirdiyini, daha sonra isə satış məqsədilə yaşadığı evdə kibrit qutularında və sellofan torbalarda qablaşdırdığını etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.